Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2365/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onlara verilmiş 35000 manat, əldən çıxmış fayda kimi 10600 manat, kirayə kimi ödədiyi 21000 manat və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından vəkili və nümayəndəsi Nümayəndə imzalamışdır. İddiaçının Nümayəndə verdiyi AR-İİ 647549 saylı, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, bu etibarnamə ilə ona iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmiş, başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi və ya qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsindən azad edilməyə əsas verən sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. İddiaçı məcburi köçkün kimi hazırki iddia ərizəsini verərkən qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəməmiş və bu zaman QMKİD Komitəsinin Sumqayıt şəhəri Sektorunun xx.xx.2023-cü il tarixli, 789 saylı arayışına istinad etmiş, lakin ərizəyə məcburi köçkün vəsiqəsini əlavə etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 12-ci maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında müəyyən edilir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2365/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2365/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver