Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2445/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin və uşaqların 3 yaşına çatanadək hər ay hər bir uşaq üçün 100 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsinə əsasən, nikahı pozulmuş, uşaqların boşanmadan sonra onun yanında qalması, cavabdehdən onun xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 193 manat olmaqla, cəmi 386 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh uşaqların saxlanılması üçün 193 manat alimenti ödəyir, cavabdehin əlavə gəlir yerləri vardır. O, uşaqların saxlanılması üçün minimum aliment ödənişini istəyir. Cavabdehin anası yarmarkada işləyir, bacısı satış işi, kirayə işi ilə məşğuldur. Uşaqlara özü baxır, eyni zamanda, o, özü xəstə olduğundan, atası qazi və anası gözdən əlil olduğundan uşaqların 3 yaşına saxlanılmasına görə əlavə pul vəsaiti istəyir. Uşaqları balaca olduğundan işləyə bilmir, ona görə də əlavə gəlir yeri yoxdur. Ona görə də iddia ərizəsinin təmin olunması, təmin olunmasa belə, uşaqların saxlanılması üçün heç olmasa, 210 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, Cavabdeh İddiaçı ilə xx.xx.2019cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsinə əsasən, tərəflərin nikahı pozulmuş, uşaqların boşanmadan sonra iddiaçının yanında qalması, cavabdehdən iddiaçının xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 193 manat olmaqla, cəmi 386 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh "xxxx" QSC-nin İnfrastruktur departamentinin 14 nömrəli H.Z.Tağıyev yol sahəsinə xx.xx.2016-cı il tarixdən yol mantyoru vəzifəsində çalışır. Struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə işdən azad olunmuş, xx.xx.2021-ci il tarixdə yol mantyoru vəzifəsinə qəbul olunmuş, hal-hazırda, həmin vəzifədə çalışır. Belə olduğu halda, iddiaçının cavabdehə qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməsi düzgün deyildir. Cavabdehin yaşlı anası Nərgiz Ramazanova da oğlunun himayəsindədir və heç bir yerdə işləmir. Ona görə də iddia ərizəsinin təmin olunmaması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin həllini məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, mövqeyi ondan ibarətdir ki, cavabdeh rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Cavabdehin himayəsində yaşlı anası vardır ki, anası heç bir yerdə işləmir. Cavabdehin 2021-ci ildən etibarən kredit öhdəlikləri vardır. Kredit öhdəliyi 36 ay müddətinə olmaqla cavabdeh 108 manat ödəniş edir. Sözügedən kredit məbləği uşaq üçün deyil, digər məqsəd üçün götürülmüşdür. Aliment borcu olduğu halda, uşaqların saxlanılması üçün 3 yaşa qədər pul vəsaitini ödəməyə cavabdehin maddi imkanı yoxdur. Bu səbəbdən də, cavabdehin stabil əmək haqqı alması, kredit ödəməsi hallarının nəzərə alınmasını məhkəmədən xahiş edir. Ona görə də göstərilənlərin nəzərə alınmaqla qətnamənin icra olunan şəkildə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV № 451650 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 305 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 165 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 3216 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı (ananın) yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşağa görə sabit pul məbləğində 193 manat olmaqla, cəmi 386 manat alimentin tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2364/2022 saylı qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 3778/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -"xxxx" QSC İnfrastruktur Departamenti Yol xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 229216 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən, departamentin 14 nömrəli H.Z.Tağıyev yol sahəsində xx.xx.2016-cı il tarixdən yol mantyoru vəzifəsində çalışır. Struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə işdən azad olmuş, xx.xx.2021-ci il tarixdən yol mantyoru vəzifəsinə qəbul olmuş, hal-hazırda, burada çalışır. Cavabdeh əmək haqqı aşağıdakı kimidir: 2022-ci ilin iyun ayı üzrə 450.53 manat, iyul ayı üzrə 108.31 manat, avqust ayı üzrə isə 68.95 manat, noyabr ayı üzrə isə 134.27 manat, dekabr ayı üzrə 165.13 manat, 2023-cü ilin yanvar ayı üzrə isə 175.06 manat əmək haqqı hesablanmışdır. İşçi 2022-ci ilin avqust ayı üçün xəstəlik vərəqəsini gec təqdim etməsi ilə əlaqədar hesabat sentyabr ayının əmək haqqı hesablanan zaman aparılacaqdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 X1 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17/2/2-R-27918/2023 saylı arayışdan görünür ki, X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində hazırda, qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən xx.xx.2022-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndi, A.Abdullayev küçəsinə xx.xx.2023-cü il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Şamaxı rayonu, H.Əliyev küçəsi, 70 saylı evdə, Cavabdeh isə Sumqayıt şəhəri, 51ci məhəllə, 89 saylı evdə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, eyni zamanda, iddiaçının cavabdehin gəlirləri barədə sübutunu məhkəməyə təqdim etməməsini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 3778/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. Məhkəmə iddiaçının iddia tələblərinin uşaqların saxlanılması üçün əlavə olaraq 100 manat pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etməmiş, iddia tələbini həmin hissədə sübuta yetirə bilməmişdir. Belə ki, Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 № Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (220-193=27 manat, 27 manat x 2 (uşaq)= 54 manat, 54 manat x 12 ay = 648 manat) ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3778/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov