Məhkəmə qərarları › İş №e-2(012)-2464/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2464/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2464/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı ASC-nin cavabdeh Həmidova (Nəbiyeva) Elnarə Alik qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Həmidova (Nəbiyeva) Elnarə Alik qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Həmidova (Nəbiyeva) Elnarə Alik qızından İddiaçı ASCnin xeyrinə 1708,63 manat əsas, 216,85 manat faiz borcu, cəmi 1925,48 manat və dövlət rüsumu olaraq ödənilmiş 39,25 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTZK7127096A299 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 21 % dərəcəsi ilə 48 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka olan borcunu tam qaytarmamışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə 1708,63 manat əsas, 216,85 manat faiz borcu, cəmi 1925,48 manat borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdeh Həmidova (Nəbiyeva) Elnarə Alik qızına prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Həmidova (Nəbiyeva) Elnarə Alik qızına qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTZK7127096A299 saylı kredit müqaviləsinə əsasən ona illik 21 % dərəcəsi ilə 48 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarından olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdeh Həmidova (Nəbiyeva) Elnarə Alik qızının xx.xx.2022-ci il tarixli GTZK7127096A299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1708,63 manat əsas, 216,85 manat faiz borcu, cəmi 1925,48 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Həmidova (Nəbiyeva) Elnarə Alik qızı arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Həmidova (Nəbiyeva) Elnarə Alik qızı həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Həmidova (Nəbiyeva) Elnarə Alik qızından 1708,63 manat əsas, 216,85 manat faiz borcu, cəmi 1925,48 manat pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 39,25 manat dövlət rüsumu cavabdeh Həmidova (Nəbiyeva) Elnarə Alik qızından İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Həmidova (Nəbiyeva) Elnarə Alik qızından 1708,63 manat əsas, 216,85 manat faiz borcu, cəmi 1925,48 manat və dövlət rüsumu olaraq ödənilmiş 39,25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar