Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2526/2023 15.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Ağasiyeva Aysel Nasir qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 avqust 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh-vərəsə Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1727,75 manat və dövlət rüsumu olaraq ödənilmiş 37,68 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2526/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 29,50% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Borclu - mərhum X1 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Şəmkir rayonu 1 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Şəmkir rayonu 1 saylı notariat ofisinə məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizə əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə "xxxx" KB ASC-yə 1727,75 manat əsas borcu yaranmışdır. Şəmkir rayonu 1 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxaraq, tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, əri X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, özü çoxuşaqlı ana kimi 220 (iki yüz iyirmi) manat pensiya alır. Onların 4 (dörd) övladı var, 3 qız və 1 oğul. Ərindən heç bir miras daşınar və ya daşınmaz əmlak qalmamışdır. Varis kimi o və qızı Günel sayılır, çünki ərizə ilə notariat ofisinə müraciət etmişlər. Əri kredit götürəndə öz problemlərini həll etmək üçün götürüb, nə onun xəbəri olmamış, nə də ona ya övladlarına xərcləməmiş, həm də ki götürəndən sonra xəbərləri olmuşdur. Öləndən sonra da çox hüquqşünaslardan öyrənmişdir ki şəxs öləndən sonra borcu bağlanır. Ona görə ağlına da gəlməzdi ki bank onu məhkəməyə verər çünki bank ölüm sənədini istəmiş, o da göndərmişdir, indi təsadüfən başqa bir işlə bağlı məhkəmə portalına girərək öyrənmişdir ki bank onu məhkəməyə verib. Bildiyi qədər mərhum əri ölənə kimi aylıq kredit borcunu vaxtı -vaxtında ödəmiş, hətta öləndən sonrada 1 ya 2 aylıq borcunu onlar ödəmişlər. Aldığı 220 manat pensiya özünə çatmır və əlavə gəlir yeri yoxdur. Odur ki, iddiaçının ona qarşı olan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddiaya etiraz edərək miras əmlak olan evin özbaşına tikili olduğunu və adlarına sənədləşmənin mümükün olmadığını bildirmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2018ci il tarixli, 7384sXRD/18 saylı Kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank X2 120 ay müddətinə, .09.2016-cı il tarixinədək illik 35 % olmaq şərtilə 20000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, BANK/PİKMD/1094069 №-li arayışın surətindən müəyyən edilir ki, X1 iddiaçı "xxxx" KB ASC-yə 7384sXRD/18 saylı kredit müqaviləsi üzrə 07 aprel 2023-cü il tarixinə 1727,75 manat borcu vardır. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 210637 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsi Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X3 vəfat etdikdən sonra mirasına dair açılan vərəsəlik işləri üzrə vərəsəsi Cavabdehdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 37.28 manat dövlət rüsumu ödəmişdir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu 3 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsi Şəmkir rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olanlar X4, Cavabdeh ərizəsinə əsasən mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3ndan qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, vəsiyyətnaməni habelə mirasın açıldığı yer və vaxt barədə .təqdim edilmiş sənədlər əsasında xx.xx.2022-ci il tarixdə 320 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsələri X4, Cavabdeh müəyyənləşmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cu maddəsinə görə Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh vərəsə kimi qeydə alınsa da, onun tərəfindən X3ndan miras qalmış hər hansı əmlakın qəbul edilməsi müəyyən edilmədiyindən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2526/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2526/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver