Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2538/2024 31.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 81000 manat və ödənilmiş 334 manat dövlət rüsumu ilə birlikdə 81334 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, onun Cavabdeh adlı şəxslə tanışlığı var. Cavabdeh özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi tanıtmışdır. Cavabdeh ondan 17000 manat pul alaraq əllillik düzəltməyə və sonra əlillər üçün ev düzəltməyə söz vermişdir. O, Rəmziyə inandığı üçün başqa tanışlarına da kömək məqsədi ilə Rəmzini məsləhət görmüşdür. Onun tanışları Səyyarə və Rizvan (bunlar ana və övladdır) adlı şəxlərdən hərəsindən 15000 manat olmaqla, ümumilikdə 30000 manat pul alaraq onlara da həm əlillik, həm də əllillər üçün olan ev düzəltməyə söz vermişdir. Daha sonra digər tanışları Əvəzov Tahir və Kərimov Hamletdən də hər birindən 17000 manat olmaqla, cəmi 34000 manat pul almışdır. Bu barədə Cavabdeh 2021-ci və 2022-ci illərdə öz xətti ilə yazdığı etirafnaməsi var. Daha sonra Rəmzinin heç bir iş düzəldə bilmədiyini görüb pulu dəfələrlə tələb edib geri istədikdə Rəmzi pulun xərcləndiyini və nə vaxt pulu olsa qaytaracağını bildirmişdir. O, məcbur olub tanışlarının pulunu ödəmək məcburiyyətində qalmışdır, çünki tanışları ona inanıb Rəmziyə pul vermişlər. Cavabdeh ona ümumilikdə 81000 manat pul borcludur. Rəmzi pulu ödəyə biləcəyi vaxta qədər Ağsuda yerləşən torpaq sahəsinin sənədini ona verib ki, pulu verdikdən sonra sənədi geri götürəcək. Bu söhbət uzun müddətdir belə olduğu üçün və Cavabdeh heç bir ödəniş etmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etdiyini və heç bir borcun olmadığını bildirdi. Bununla belə, o, mübahisə üzrə iddia müddətinin də ötürülməsi əsası ilə iddianın rədd edilməli olduğunu bildirdi. Bu barədə cavabdeh məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən (etirafnamə) görünür ki, Cavabdeh İddiaçı, X1 və X2 hərəsindən 17000 manat pul alaraq əlillik düzəltmək və əlil kimi ev almağa söz vermişdir. Avqustun 6-a dək ya işi düzəldəcək, ya da pulu qaytaracaq. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Eminli X4 xanım və oğlu Rizvandan ev almaları üçün 5 il öncə 30000 manat pul almışdır. xx.xx.2022-ci ilədək evlər verilmədiyi halda pulu qaytaracaq. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh xx.xx.2019cu ilədək Fizuli, Kərimov Hamlet, Ataxan, İlqar və Vüsala sənədi verməsə, 30000 manat pulu İddiaçı verəcək. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1-5 fevral 2020-ci ilədək Fizuli, Ataxan və Sərdara əlilliyi həll etməsə ümumilikdə 20000 manatı qaytaracaq. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İdarədə İddiaçı izahatında göstərmişdir ki, təxminən 2018-ci ilin qış aylarında çoxdan tanıdığı Murad adlı dostu ilə Bakı şəhərində görüşmüş, görüş zamanı söhbət edəndə əlillik dərəcəsi alması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini bildirmişdir. Murad isə bu məsələni Namiq adlı dostunun qohumu Cavabdeh həll edə biləcəyini və Rəmzinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra onlar Muradla Xətai metrosunun yaxınlığında bir çay evində Namiqlə görüşmüşlər. Bir müddət üçü söhbət etdikdən sonra Namiqin qohumu Cavabdeh gəlmiş və Rəmzi ona Qarabağ əlilliyi təyin edilməsində köməklik edəcəyini bildirərək həmin məsələnin 8000 manata həll edəcəyini bildirmişdir. Dostu Murad və Namiq Rəmziyə zamin durduğundan ona inanmış və bir gün sonra yenidən o, Murad, Namiq və Rəmzi görüşəndə onların yanında Rəmziyə 5000 manat pul vermişdir. İş həll olunduqdan sonra isə qalan pulu verəcəyini bildirmiş, Rəmzi təqaüddən başqa dövlətdən mənzil alacağını da demişdir. Təxminən 20-25 gün sonra bacısı oğlu Sadiq Kərimov və qonşusu Ataxanla birlikdə Yeni Günəşli qəsəbəsində yerləşən “5 Qardaş” çay evində olan zaman Rəmzi ona zəng etmiş, həmin ünvana gəlmişdir. Rəmz ona artıq məsələnin həll olunduğunu bildirmiş, sənəd təqdim edərək, təqaüd kartının hazırlandığını demişdir. Bu zaman qalan 3000 manatı da ona vermişdir. Orada olan Ataxan və Sadiq onlar üçündə əlillik dərəcəsi təyin olunması üçün Rəmziyə müraciət etmişlər və Rəmzi onlara da köməklik edəcəyini bildirmişdir. Sadiq atası Hamlet Kərimov üçün əlillik dərəcəsi təyin etdirmək istəyirdi. Rəmzi onun yanında Sadiqin atası Hamlet üçün əlillik təyin etdirmək məqsədi ilə 9000 manat, qonşusu Ataxandan isə 6500 manat istəmişdir. Bir neçə gün sonra Ataxan, o, Sadiq və Rəmzi yenidən Yeni Günəşli qəsəbəsində yerləşən çay evində görüşmüş və Ataxan 6500 manat, Sadiq isə 9000 manat pulu Rəmziyə vermişlər. Ondan bir neçə gün sonra isə Rəmzi Ataxan və Sadiqə sənəd təqdim edərək onların da məsələsinin həll olunduğunu bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Rəmzi həmin məsələləri həll etməmişdir. Rəmzi ona 8000 manat ümumi məbləğdən hissə-hissə 4000 manatı qaytarmışdır. İzahatda iddiaçı pulu Rəmziyə təxminən 2018-ci ilin qış aylarında verdiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, hazırki iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında mülki qanunvericiliklə tənzimlənən hər hansı münasibətlər baş verməmişdir. İşdən görünür ki, Cavabdeh əlillik dərəcəsinin verilməsi və bu statusdan istifadə etməklə yaşayış sahəsi ilə təmin olunma adı altında iddiaçıdan 2018-ci ilin qış aylarında 17000 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmiş, bununla da əsassız varlanmışdır. Bu fakt iş materialları, o cümlədən təqdim edilmiş qəbzlərə təsdiq olunur. İddiaçı müvafiq qurumda izahat verərkən həmin puldan 4000 manat qaytarılmasını etiraf etmişdir. İşdə olan digər qəbzlərdən (xx.xx.2021, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli) isə görünür ki, Cavabdeh İddiaçı, X1 və X2 hərəsindən 17000 manat pul almış, xx.xx.2019-cu ilədək Fizuli, Kərimov Hamlet, Ataxan, İlqar və Vüsala sənədi verməsə, 30000 manat pulu İddiaçı verəcəyini, 1-5 fevral 2020-ci ilədək Fizuli, Ataxan və Sərdara əlilliyi həll etməsə ümumilikdə 20000 manatı qaytaracağını göstərmişdir. Göründüyü kimi, bu qəbzlərdə pul məbləğləri müxtəlifdir və vəsait verən şəxslərin dairəsi genişdir. Hazırda pul tələbi ilə bağlı iddiaçının yalnız İddiaçı olması baxımından həmin qəbzlərdəki məbləğlərin bütünlüklə cavabdeh tərəfindən iddiaçıdan götürülməsi nəticəsinə gəlmək mümkün deyildir. Bununla belə, Cavabdeh məhkəmənin mövqeyinə görə heç hüquqi əsas olmadan İddiaçı vəsaiti ilə varlanmışdır. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma da mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh 2018-ci ilin qış aylarında İddiaçı qanuni əsas və ya müqavilə əsası olmadan, əlillik dərəcəsinin verilməsi məqsədilə 17000 manat pulu almış, 4000 manatı ona qaytarsa da qalan 13000 manatı qaytarmamış, bununla da əsassız varlanmışdır. Bundan başqa, işdə olan xx.xx.2022-ci il tarixli qəbzlə müəyyən olunur ki, Eminli X4 xanım və oğlu Rizvandan ev almaları üçün 5 il öncə 30000 manat pul almışdır. xx.xx.2022ci ilədək evlər verilmədiyi halda pulu geri qaytaracaqdır. Bu hissədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, adları sadalanan şəxslərlə bağlı pulun qaytarılması barədə tələb irəli sürmək üçün İddiaçı səlahiyyətli şəxs hesab oluna bilməz. Bununla belə, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında münasibətlər 2018-ci ilin qış aylarında yaranmışdır. Məhkəmənin yuxarıdakı mövqeyinə əsasən tərəflər arasındakı münasibətlər əsassız varlanmaya dair müddəalarla həll edilməli olduğundan, məhkəmə hesab edir ki, bu əsas üzrə pulun tutulmasına dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında tərtib edilmiş qəbzlərdə Cavabdeh aldığı pul vəsaitini ən geci xx.xx.2021-ci il tarixədək qaytaracağını bildirmişdir. Beləliklə, cavabdehin öhdəliklərinin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2023-cü il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni əsassız varlanma üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddiaçı özü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi xx.xx.2021-ci il tarixli izahatında qeyd edir ki, cavabdeh 8000 manat puldan hissə-hssə 4000 manatı qaytarmışdır. Bu fakt nəzərə alınsa belə, məhkəmə hesab edir ki, bütün hallarda iddia müddəti ötürülmüşdür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması barədə iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2538/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2538/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver