Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2539/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı kredit müqaviləsi üzrə 7341.71 manat əsas, 2368.22 manat faiz, 0.02 manat cərimə borcu olmaqla, cəmi 9709.95 manat və ödənilmiş 117.10 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının paylarına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 43 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh müəyyən edilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı kredit müqaviləsi üzrə kredit borcu üzrə banka ödənilməmiş borcu – 7341.71 manat əsas borc, 2368.22 manat faiz borcu, 0.02 manat cərimə borcu olmaqla, cəmi 9709.95 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa hazırki mübahisə üzrə iddia qiyməti 9709.95 manat olduğundan, tərəflərindən 117.10 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə3 xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məkhəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə 2023-cü ildə bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kreditor "xxxx" ASC və borcalan X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı istehlak krediti müqaviləsindən görünür ki, borcalana 43 ay müddətinə, illik 21 % dərəcəsi ilə qaytarmaq şərtilə 10000 manat kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC və X4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli istehlak krediti müqaviləsi əsasında 43 ay müddətinə, illik 21 % dərəcəsi ilə qaytarmaq şərtilə verilmiş 10000 manat pul vəsaiti şərtlər pozularaq ödənilməmiş, sonuncunun xx.xx.2025-ci il tarixə 7341.71 manat əsas, 2368.22 manat faiz, 0.02 manat cərimə borcu olmaqla, cəmi 9709.95 manat borcu yaranmışdır. -"xxxx" ASC tərəfindən X3 vərəsəsi - Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı müqavilə üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli, 2V-40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü i tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh miras əmlakdan – 2482.24 manat pul vəsaitindən tam hissədə irs almalıdır. -AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3103 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq X3 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7710.24 manat, faiz borcu üzrə 98.95 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 7333.16 manat, faiz borcu üzrə 2295.79 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 7333.16 manat, faiz borcu üzrə 2436.96 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 7333.16 manat, faiz borcu üzrə 2723.56 manat borcu vardır. -Sözügedən ekspert rəyindən həmçinin görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı "xxxx" ASC 117.10 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, X4 müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı müqavilə üzrə onun 7341.71 manat əsas, 2368.22 manat faiz, 0.02 manat cərimə borcu olmaqla, cəmi 9709.95 manat borcu yaranmışdır. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, vərəsəsi kimi Cavabdeh mərhumun mirasını qəbul edərək qəbul etmişdir. Hazırda cavabdeh vərəsəsi olduğu X4 ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində cəmi 9709.95 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanmış, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun varisi Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faiz və cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış əsas və faiz borcunun tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Belə olan halda iddiaçının xx.xx.2025-ci il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı müqavilə üzrə əsas borcunun 7333.16 manat, faiz borcunun isə 2295.79 manat təşkil etməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3103 saylı rəyində öz təsdiqini tapdığından iddia həmin hissədə qismən təmin edilməli, əsas borc olaraq 7341.71 manat deyil, 7333.16 manat, faiz borcu olaraq isə 2368.22 manat deyil, 2295.79 manat tutulması məqsədəmüvafiqdir. Belə ki, cavabdehə pretenziya məktubu xx.xx.2025-ci il tarixdə göndərildiyindən və həmin vaxtdan müqavilə ləğv edilmiş sayıldığından əsas məbləğ üzrə tələb ekspert rəyi həmin tarixdən əsas götürülməklə hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 117.10 manat dövlət rüsumunun 116.29 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 0.81 manat hissəsi isə iddiaçının özünə aid edilməli, həmçinin aparılmış 100 manat ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsi cavabdehdən, 10 manat hissəsi iddiaçıdan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı müqavilə üzrə isə 7333.16 manat əsas, 2295.79 manat faiz, 0.02 manat cərimə olmaqla, cəmi 9628.97 manat borc pul vəsaiti və ödənilmiş 116.29 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, həmçinin aparılmış 100 manat ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsi cavabdehdən, 10 manat hissəsi iddiaçıdan tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********35 saylı müqavilə üzrə isə 7333.16 manat əsas, 2295.79 manat faiz, 0.02 manat cərimə olmaqla, cəmi 9628.97 manat borc pul vəsaiti və ödənilmiş 116.29 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Aparılmış 100 manat ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsi Cavabdeh, 10 manat hissəsi iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-2539/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2539/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver