Məhkəmə qərarları › İş №e-2(012)-2575/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2575/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2575/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8663 manat əsas, 1026.6 manat faiz, 44.03 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9733.63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 117.81 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 8663 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə 8663 manat əsas, 1026.6 manat faiz, 44.03 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9733.63 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək mülki işin onların iştirakları olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixində kredit müqaviləsi bağlamışdır. İki ay ödəniş etdikdən sonra, müəyyən problemlər yarandığından ödəniş edə bilməmişdir.Bir neçə dəfə ödəniş edə bilmədiyinə görə güzəşt olunması üçün "xxxx" ASC-nin şöbəsinə yaxınlaşmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 920nkNFT/23 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 60 ay müddətinə, illik 25 faiz ödənilmək şərtilə 8663 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kreditalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2028-ci il tarixinə kimi hər ay 255 manat (sonuncu ay isə 186.20 manat) ödəməklə qaytarmalıdır. -"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kreditalanın "xxxx" ASC-yə 8663 manat əsas, 1026.6 manat faiz, 44.03 manat cərimə olmaqla, cəmi 9733.63 manat borcu vardır. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışının surətindən görünür ki, "xxxx" ASC-adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının müqdarına dair, qanuni təmsilçi X3 olmasına dair xx.xx.2023-cü il tarixli, **********464200 nömrə ilə çıxarış verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Muradov X2 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, İslam Səfərli küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan və işin araşdırılan digər hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə, onun iddiaçıya əsas borca görə 8663 manat, faiz borcuna görə 1026.6 manat və cəriməyə görə 44.03 manat olmaqla, cəmi 9733.63 manat borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə, borcun yaranması tədqiq edilmiş sübutlardan da öz təsdiqini tapır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh xx.xx.2023-cü il tarixli, 920nkNFT/23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində banka əsas borca görə 8663 manat, faiz borcuna görə 1026.6 manat və cəriməyə görə 44.03 manat olmaqla, cəmi 9733.63 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 117.81 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 920nkNFT/23 saylı kredit müqaviləsi üzrə 8663 (səkkiz min altı yüz altmış üç) manat əsas, 1026.6 (min iyirmi altı manat altmış qəpik) manat faiz, 44.03 (qırx dörd manat üç qəpik) manat cərimə olmaqla, ümumilikdə, cəmi 9733.63 (doqquz min yeddi yüz otuz üç manat altmış üç qəpik) manat borc və 117.81 (yüz on yeddi manat səksən bir qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar