Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2578/2024 22.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3330 manat, faiz borcu üzrə 13,62 manat olmaqla, cəmi 3343,62 manat məbləğində borcun və ödənilmiş 53,44 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 15 oktyabr 2014-cü il tarixli, 0220 saylı Birgə borclularla kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ticarət məqsədilə cavabdehlər Cavabdeh1 1500 manat, Cavabdeh2 1500 manat və Cavabdeh3 1000 manat illik 27 faiz tətbiq edilməklə 24 ay müddətinə, toplamda 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu müqavilədə göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 5 faiz həcmində cərimə tətbiq edir. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırda olan borcları əsas borc üzrə 3330 manat, faiz borcu üzrə 13,62 manat olmaqla, cəmi 3343,62 manat məbləğində təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçı təşkilatın nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 15 oktyabr 2014-cü il tarixli, 0220 saylı Birgə borclularla kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən ticarət məqsədilə cavabdehlər Cavabdeh1 1500 manat, Cavabdeh2 1500 manat və Cavabdeh3 1000 manat illik 27 faiz tətbiq edilməklə 24 ay müddətinə, toplamda 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu müqavilədə göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2ci bəndinə əsasən birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş məlumatdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixinə 15 oktyabr 2014-cü il tarixli, 0220 saylı Birgə borclularla kredit müqaviləsinə əsasən, 3330 manat əsas, 13,62 manat faiz olmaqla, cəmi 3343,62 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 15 oktyabr 2014-cü il tarixli, 0220 saylı Birgə borclularla kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı şirkət arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli, 0220 saylı Birgə borclularla kredit müqaviləsi üzrə cavabdehlər (birgə borclular) üzərlərinə götürdükləri öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliklərini pozmuşdurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, 15 oktyabr 2014-cü il tarixli, 0220 saylı Birgə borclularla kredit müqaviləsinin 1.2-ci bəndində birgə borclulardan birinin (bir neçəsinin) öz öhdəliyini yerinə yetirə bilmədiyi halda onun (onların) öhdəliyinin avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçməsi nəzərdə tutulduğundan, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öhdəliklərinin icrasını müştərək qaydada tələb etmək hüququ vardır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 53,44 manat pul vəsaiti də cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3330 manat əsas borc, 13,62 manat faiz borcu olmaqla, cəmi 3343,62 manat məbləğində borc və ödənilmiş 53,44 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2578/2024
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-2578/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver