Məhkəmə qərarları › İş №e-2(012)-258/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-258/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-258/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı müqaviləyə əsasən 2805,63 manat əsas borc, 4,08 manat faiz borcu olmaqla, cəmi 2809,71 manat borcun və 49 manat məbləğındə ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 2826,15 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 banka ümumi olaraq 2809,71 manat borcu vardır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və Cavabdeh X2 qanuni vərəsəsidir. X4 tərəfindən vərəsələrinə qalan miras əmlak "xxxx" ASC-nin Sabunçu filialının xx.xx.2021-ci il tarixli 257 nömrəli arayışına əsasən X2 ABB ASC AZ70İBAZ******************** saylı əmək haqqı hesabında xx.xx.2021-ci il tarixinə 5866,89 manat və "xxxx" ASC Abşeron filialında AZ76İBAZ******************** saylı hesabında xx.xx.2021-ci il tarixinə 61,39 manat məbləğində vəsaitlərdən ibarətdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, o, ərinin mirasını qəbul etmədiyindən, eyni zamanda kredit müqaviləsinə zamin durmadığından borc ondan tələb edilə bilməz. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X3 illik 1% hesablanması şərti ilə 1 il güzəşt tətbiq edilməklə 5 il müddətinə restrukturizasiya edilmək məqəsdilə 2826,15 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X4 xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 2826,15 manat krediti İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarından olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüş X2 qanun üzrə vərəsəsidir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı kredit müqaviləsinə əsasən X2 İddiaçı ASC-yə 2805,63 manat əsas borc, 4,08 manat faiz borcu olmaqla, cəmi 2809,71 manat borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 9/9093/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı kredit müqaviləsi üzrə X2 xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 2882,59 manat məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə-2804,99 manat; faiz borcu üzrə- 77,60 manat. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında kredit müqaviləsi (saziş) bağlanmasına baxmayaraq, cavabdeh X4 müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, borcu yaranmışdır. Bank bu borcu özünün xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin mübahisənin daha obyektiv həll edilməsini nəzərə alan məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə müəyyən olunmuşdur ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/16939/71/23 saylı kredit müqaviləsi üzrə X2 xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 2882,59 manat məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə-2804,99 manat; faiz borcu üzrə-77,60 manat. Məhkəmə ekspertin həmin rəyini əsas borcun tutulması üçün daha mötəbər sübut hesab edir. Bununla belə, tələb edilən faiz borcunun rəydəki faiz borcundan az olması səbəbilə məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, yaranmış faiz borcu məhz iddia ərizəsində göstərilən məbləğdə tutulmalıdır. Bununla belə, işdən görünür ki, kredit müqaviləsi üzrə borclu X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür və Cavabdeh onun qanuni vərəsəsidir. Bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş R.F.Əliyev xx.xx.2020-ci il tarixdə ölmüş, kredit öhdəlikləri (miras passivi) onun qanun üzrə vərəsəsi Cavabdeh keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, R.F.Əliyevin vərəsəsi kimi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2804,99 manat əsas, 4,08 manat faiz borcu olmaqla, cəmi 2809,07 manat pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, qalan hissədə iddia təmin edilməməlidir. Ərinin vərəsəsi olmaması barədə cavabdehin dəlilləri əsassızdır və işdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamə ilə tamamilə təkzib olunur. Bundan başqa, məhkəmə izah edir ki, hazırki borc cavabdehdən zaminlik institutuna görə deyil, vərəsəsi olduğu şəxsin miras passivindəki vəzifələrinin yerinə yetirilməli olmasına görə tutulmalıdır. Buna görə də məhkəmə onun bu barədə dəlillərini formal mülahizələr kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 49 manat dövlət rüsumunun 48,09 manat hissəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, ekspertizanın xərci kimi tələb edilən 100 manat vəsait isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2804,99 manat əsas, 4,08 manat faiz borcu olmaqla, cəmi 2809,07 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48,09 manat pul dövlət rüsumuna görə pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza xərci olaraq 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar