Məhkəmə qərarları › İş №e-2(012)-259/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-259/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-259/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AtaSığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək 2870 manat sığorta ödənişi məbləğinin və 49.10 manat dövlət rüsumunun, cəmi 2919.10 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində "xxxx" ASC-də bağlanmış PAA********** saylı sığorta müqaviləsinə əsasən “X14” markalı, 99JP462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Aqil oğlu xx.xx.2022-ci il tarixində “X14” markalı, 99JP462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “BMW 428” markalı, 90EF405 dövlət qeydiyyat nişanlı və “Hyundai Tucson” markalı, 10TN891 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması ilə əlaqədar "xxxx" ASC tərəfindən 2870 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Binəqədi RPİ DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X14” markalı, 99JP462 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cəmiyyət tərəfindən Cavabdeh Aqil oğlunun ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddialarını tam həcmdə müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, sürücülük vəsiqəsinin müddəti 14 dekabr bitmişdir. Sürücülük vəsiqəsinin müddətinin bitməsini unutduğu üçün sürücülük vəsiqəsini yeniləməmiş, buna görə də yol vərəqəsi olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10077 saylı rəyi ilə razı ilə tanış olmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № ******* saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı “X14” markalı, ** JP *** qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. -BA108443 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı “Hyundai Tucson” markalı, ** TN *** qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Hesablan aktından görünür ki, sığortalı X7 məxsus nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində X6 mülkiyyətində olan “Hyundai Tucson” markalı, **-TN-*** qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə dəymiş zərər olaraq 2720 manat hesablanmışdır. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Hesablan aktından görünür ki, sığortalı X7 məxsus nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində X3 mülkiyyətində olan “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə dəymiş zərər olaraq 2720 manat hesablanmışdır. -xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış, X7 məxsus “X14” markalı, ** JP *** qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X6 mülkiyyətində olan “Hyundai Tucson” markalı, **-TN-*** qeydiyyat nişanlı avtomobilə 2720 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 2720 manat X1 yolu ilə ödənilmişdir. -xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış, X7 məxsus “X14” markalı, **-JP-*** qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 mülkiyyətində olan “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobilə 150 manat ziyan dəymiş və sığorta ödənişinin köçürülmə yolu ilə ödənilməsi qərara alınmışdır. -"xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli AS-23/183 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 2870 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tələb etmək hüququna malik olduğunu bildirərək göstərilən məbləği 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolun və İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixdə Bakı şəhəri Azadlıq prospektində “X14” markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi rayon DYPŞ bildirir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Azadlıq prospeltində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş “X14” markalı, **-JP-*** qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətində olan “Hyundai Tucson” markalı, **-TN-*** qeydiyyat nişanlı avtomobillə və X3 mülkiyyətində olan hadisə baş verən anda X5 tərəfindən idarə olunmuş “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobillərə zərər dəymişdir. -X4 çıxarılmış məlumatdan görünür ki, Əhmədov X12 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 213 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10077 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Hyundai Tucson” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2430 manat və 2013-cü il buraxılışlı “BMW 428i” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 150 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, 2006-cı il buraxılışlı “Hyundai Tucson” markalı, **-TN- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti -1020,0 manat; təmirbərpa işlərinin qiyməti - 1410,0 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda “X14” markalı, **-JP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Azadlıq prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 mülkiyyətində olan “Hyundai Tucson” markalı, **-TN-*** qeydiyyat nişanlı avtomobillə və X3 mülkiyyətində olan hadisə baş verən anda X5 tərəfindən idarə olunmuş “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Hyundai Tucson” markalı, **-TN-*** və “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobillərə 2870 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş hesablama aktlarından göründüyü kimi, avtomobillərə dəymiş zərərin məbləği 2870 manat müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan və İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə olunmuş “X14” markalı, **-JP-*** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrinin tələblərinə əsasən, təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Hyundai Tucson” markalı, **-TN-*** və “BMW 428İ” markalı, **-EF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəslərinə cavabdeh tərəfindən dəymiş zərər olaraq 2580 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. cəmi 2580 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, iddiaçı görülən işlərə görə 2870 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, tələbinin əsasını təşkil edən hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 2580 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 49.10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2580 (iki min beş yüz səksən) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 49.10 (qırx doqquz manat on qəpik) manat olmaqla cəmi 2629.10 (iki min altı yüz iyirmi doqquz manat on qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar