Məhkəmə qərarları › İş №e-2(012)-2590/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2590/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2590/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi borcun ödənilməsi” tüzrə ələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 oktyabr 2019-cu il tarixli, 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsinə əsasən 6207,58 manat əsas, 99,25 manat faiz olmaqla, cəmi 6306,83 manat borcun və ödənilmiş 84,29 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, 31 oktyabr 2019-cu il tarixli, 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 6249,89 manat məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh banka 6207,58 manat əsas, 99,25 manat faiz olmaqla, cəmi 6306,83 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, borcu qəbul edir. Belə ki, o, 2008-ci ildə SOCAR-da işləmiş, 2018-ci ildə isə ixtisara düşmüşdür. İşləmədiyinə görə banka ödəniş edə bilməmişdir. Yeni işə qəbul olduqdan sonra o, ödəniş edəcəkdir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli, 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 6249,89 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6207,58 manat əsas, 99,25 manat faiz olmaqla, cəmi 6306,83 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında 31 oktyabr 2019-cu il tarixli, 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 31 oktyabr 2019-cu il tarixli, 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı şirkət tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 84,29 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 31 oktyabr 2019-cu il tarixli, 104.LN.1675.311019.00001 saylı kredit müqaviləsinə əsasən 6207,58 manat əsas, 99,25 manat faiz olmaqla, cəmi 6306,83 manat borc və ödənilmiş 84,29 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar