Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2591/2023 06.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 1059/f-22- 10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 13699,22 manat əsas borc, 1609,48 manat faiz borcu, 1151,50 manat cərimə borcu olmaqla, cəmi 16460,20 manat məbləğində borcun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 1059/f-22-10 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17 % olmaqla, 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 13699,22 manat əsas borc, 1609,48 manat faiz borcu, 1151,50 manat cərimə borcu olmaqla, cəmi 16460,20 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 1059/T-22-10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 13699,22 manat əsas borc, 1803,55 manat faiz borcu, 1151,50 manat cərimə borcu olmaqla, cəmi 16654,27 manat məbləğində borcun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 1059/T-22-10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 13194,22 manat əsas borc, 1608,55 manat faiz borcu, 1151,50 manat cərimə borcu olmaqla, cəmi 15954,27 manat məbləğində borcun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Ədliyyə Nazirliyi PX-nin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə göndərərək borcunun hissə-hissə ödənilməsinə şərait yaradılmasını və İİ qrup əlil olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, İK 1059/f-22-10 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 17 faizlə, 36 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarından olan kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK 1059/f-22-10 saylı kredit müqaviləsi üzrə 1400 manat məbləğində vəsaiti İddiaçı ASC-dən götürmüşdür. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK 1059/f-22-10 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 13194,22 manat əsas borc, 1608,55 manat faiz borcu, 1151,50 manat cərimə borcu olmaqla, cəmi 15954,27 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, İK 1059/f-22- 10 saylı kredit müqaviləsi üzrə hesablanmış 1151,50 manat dəbbənin məbləği azaldılmalı və 17,23 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, İK 1059/f-22-10 saylı kredit müqaviləsi üzrə 13194,22 manat əsas borc, 1608,55 manat faiz borcu, 17,23 manat cərimə borcu olmaqla, cəmi 14820 manat məbləğində pul vəsaiti tutulmalı, habelə iddiaçı ilə bağlanan müqavilənin şərtlərini cavabdeh əhəmiyyətli dərəcədə pozduğundan və iddiaçı müqavilənin ləğvini xahiş etdiyindən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, İK 1059/f-22-10 saylı kredit müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 141 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, İK 1059/f-22- 10 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13194,22 manat əsas borc, 1608,55 manat faiz borcu, 17,23 manat cərimə borcu olmaqla, ümumilikdə 14820 manat və ödənilmiş dövlət rüsumu üçün 141 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2591/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2591/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver