Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2624/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat, 150 manat dövlət rüsumu və vəkilə ödənilən 500 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin may ayında “Tap.az” saytında Abşeron rayonu, Xırdalan şəhəri, Texnikomun yanı adlanan ərazidə 1 otaqlı evin satışda olmasını görmüş, bununla bağlı elanda göstərilmiş nömrə ilə əlaqə saxlamış və vasitəçi olan Ceyhun adlı şəxs vasitəsilə evə baxmışdır. Ev sahibi kimi özünü təqdim edən cavabdehlə evi 15000 manata razılaşmışlar. Razılaşmaya əsasən iddiaçı evi aldıqdan sonra cavabdeh evi iddiaçının adına sənədləşdirməyi öz öhdəsinə götürmüş, iddiaçı cavabdehə evin pulunu bütövlüklə ödəmişdir. Cavabdeh evin sənədləşməsini yaxın günlərdə həll etdirəcəyini bildirmişdir. İddiaçı aldığı evi təmir etməyə başlamış və təmir işlərinə 2500 manat pul xərcləmişdir. Daha sonra evin sənədləşmə məsələsi uzanmağa başlamışdır. 2023-cü ilin sonlarında iddiaçı cavabdehdən sərt şəkildə evin sənədləşməsini yekunlaşdırmasını tələb etdikdə cavabdeh həmin evin onun əvvəlki ərinin adına olmasını və ondan etibarnamə alaraq evi adına keçirəcəyini bildirmişdir, bununla bağlı hissə-hissə olmaqla iddiaçıdan əlavə 1750 manat almış, cavabdeh yenə vədinə əməl etməmiş, sonda isə evi adına keçirə bilməyəcəyini bildirərək evi geri götürüb pulunu verəcəyini vəd etmişdir. İddiaçı evi cavabdehə geri qaytarsa da, cavabdeh iddiaçıya ödənilməli pulu geri qaytarmamışdır. Bir müddət sonra aralarında olan razılaşmaya əsasən Aynur pulu hissəhissə olmaqla, yəni ayda 800 manat ödəməklə iddiaçıya qaytaracağı barədə öz aralarında qəbz imzalamışlar. Lakin cavabdeh bir dəfə 600 manat məbləğində ödəmiş, lakin ondan sonra bugünədək ödəniş etməmişdir. İddiaçı dəfələrlə cavabdehə pulu ödəməsilə bağlı xəbərdarlıq etsə də, cavabdeh iddiaçıya hər dəfəsində hədə qorxu mesajları yazmış, bu səbəbdən iddiaçı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Abşeron Rayon Polis İdarəsindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu qeyd etmişlər. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli ev elana qoyulmuş, cavabdeh özünü evi satan kimi təqdim etmiş, evin pulunu almış, sənədləşdirməyi öhdəsinə götürmüş, lakin sənədləşdirməyi yubandırmış, dəfələrlə tələb olunmasına baxmayaraq, pulu geri qaytarmamışdır. Ümumiyyətlə, cavabdeh iddiaçıdan evi satmaqla bağlı 15000 manat, sənəd işləri üçün isə təxminən 1750 manat almış, iddiaçı evin təmirinə 2500 manat xərc çəkmişdir. Bundan əlavə qeyd etmişdir ki, məhkəmədən sonra cavabdeh iddiaçıya 310 manat ödəniş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya 20000 manat borcu olmuş, 600 manat hissəsini geri ödəmiş, son 1 həftə ərzində 250 manat vermişdir. Bundan əlavə bildirmişdir ki, anasının, daha sonra dünyaya gəlmiş övladının rəhmətə getməsi ilə bağlı problemləri olmuş və borcunu ödəyə bilməmişdir. Aralarında 19.400 manat pul qalmış, ondan da 310 manat ödəmiş, hazırda iddiaçıya ümumilikdə 19090 manat borcu var. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə baxışında tədqiq olunmuş Abşeron rayon Polis İdarəsinin tədqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış şifahi razılaşma əsasında iddiaçı müəyyən məbləğ müqabilində mübahisəli evin dəyərini ödədiyi təqdirdə cavabdeh tərəfindən evin iddiaçının adına keçirilməsi barədə öhdəlik götürüldüyünü, evin dəyərinin tam şəkildə ödənildiyini, lakin cavabdehin öz üzərinə götürdüyü öhdəliyə əməl etmədiyini, daha sonra evin cavabdehə qaytarılmasına baxmayaraq, evin dəyəri müqabilində ödənilmiş pul vəsaitinin, həmçinin evə çəkilmiş təmir xərclərinin qaytarılmadığını irəli sürərək ümumilikdə 20000 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, iddiaçıya ümumilikdə 19090 manat borcu olduğunu etiraf etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Texnikomun yanı adlanan ərazidə 1 otaqlı evlə bağlı tərəflər arasında şifahi razılaşma olmuş, iddiaçı evin dəyərini cavabdehə ödəməyi, cavabdeh isə evi iddiaçının adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Evin dəyərini təşkil edən 15000 manat pul vəsaitinin cavabdehə iddiaçı tərəfindən ödənilməsinə, həmçinin evlə bağlı 2500 manat təmir xərci çəkilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməyərək şifahi razılaşmanın şərtlərin pozmuş, daha sonra müxtəlif vaxtlarda müxtəlif vədlərlə yenidən iddiaçıdan sənəd işləri üçün isə təxminən 1750 manat, bir digər vəd üçün 600 manat almış, verilmiş vədlərə əməl etməmiş, nəticədə iddiaçıya borclanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatda, həmçinin etirafında onun iddiaçıya 19090 manat borcu olduğu öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməli, lakin qalan hissədə iddiaçı öz iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. ( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2025ci il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş 150 manat dövlət rüsumunun 147.27 manatı (iddiaçının tələbini qismən əhatə etdiyi üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 2.73 manatı iddiaçının özünə aid edilməlidir. Eyni zamanda vəkil xərci üçün ödənilmiş 500 manat tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı öz iddiasını həmin hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən bu hissədə təmin oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19090 manat pul vəsaiti və ödənilmiş 147.27 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalı, ödənilmiş 2.73 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19090 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 147.27 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2.73 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-2624/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2624/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver