Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2668/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 və nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus əmlaka vurulmuş 120.000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən, 115 kv.m tikintialtı sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 vəsatət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən, 115 kv.m tikintialtı sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsi qoyulması tələbi nəzərə alınmaqla həmin torpaq sahəsinin yerləşdiyi ərazi üzrə Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətini, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia ərizəsindən məlum olduğu kimi isə, iddianın predmeti daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsində qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsidir ki, bu isə mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə əlaqədardır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslıdır, hazırki iş iddianın predmeti olan torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində, yəni Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2668/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2668/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver