Məhkəmə qərarları › İş №e-2(012)-2676/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2676/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2676/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 943 manat əsas borc, 141,45 manat cərimə borcu, iddia ərizəsinin verilməsinə görə 31,24 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1115,69 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti 1411 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında 31 yanvar 2022-ci il tarixli 018-EMB-0087-22 saylı krеdit müqaviləsi bağlanmışdır. Bu krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödzəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə 943 manat əsas borc, 141,45 manat cərimə borcu olmaqla, ümumi borcu 1084,45 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 0434/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, maddi vəziyyəti pisdir, buna görə iddiaçıya heç bir ödəniş edə bilməmişdir. Sonda o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli 018-EMB-0087-22 saylı kredit müqaviləsindən görünür ki, borcverən cavabdehə 19 ay müddətinə illik 0 faiz dərəcəsi ilə istehlak krediti olaraq (Embavvood MMC-nin istehsal etdiyi mebel dəstinin alınması məqsədilə) 1411 manat kredit verməyi öhdəsinə götürmüşdür. - BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli 018-EMB-0087-22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1411 manat kredit borcundan hər ay 78 manat (sonuncu ay isə 85 manat) olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. - BOKT "xxxx" QSC-nin NMA-0029369-23 saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 943 manat əsas borcu, 141,45 manat cərimə borcu olmaqla, ümumilikdə 1084,45 manat borcu vardır. - BOKT "xxxx" QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 0434/23 saylı xəbərdarlıqdan görünür ki, BOKT tərəfindən Cavabdeh borc məbləği 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 31 yanvar 2022-ci il tarixli 018-EMB- 0087-22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının 943 manat əsas borca münasibətdə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bununla belə, işdən görünür ki, 943 manat əsas borca görə borcludan 141,45 manat cərimə borcunun tələb edilməsi mütənasiblik prinsipinə uyğun deyil və cərimə borcu azaldılmalıdır. İddia tələbinin dəbbə puluna dair hissəsində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 018-EMB- 0087-22 saylı kredit razılaşması üzrə hesablanmış 141,45 manat cərimənin məbləği azaldılaraq 2 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 31 yanvar 2022-ci il tarixli 018-EMB-0087-22 saylı kredit müqaviləsi üzrə 943 manat əsas borc, 2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 945 manat məbləğində pul alınaraq iddiaçı BOKT "xxxx" QSC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 31,24 manat dövlət rüsumu Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 943 manat əsas borc və 2 manat cərimə borcu olmaqla, cəmi 945 manat pul və 31,24 manat dövlət rüsumunun əvəzi BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar