Məhkəmə qərarları › İş №e-2(012)-2691/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2691/2022

21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2691/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı X2 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 tərəfindən İddiaçı İB-yə vurulmuş 971.68 manat zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1001.68 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN:**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə AKX-02894xx/xx-2021 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********45699 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4T markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86.40 manat olmaqla cəmi 972 manat İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 0.32 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumilikdə 971.68 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh barəsində tərtib edilmiş iki akt əsasında cəmi 972 manat dəymiş ziyan hesablanmışdır. Sözügedən aktlar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla əlaqədar tərtib olunmuşdur. Hətta o, məhkəmə iclasına gəlməmişdən öncə, ona bəlli olmuşdur ki, abonent sayğac olmadan da qaz xəttinə qeyri-qanuni qoşulmuş və bu barədə də akt tərtib olunmuşdur. Əldə edilmiş fotoşəkillər əsasında müəyyən olunmuşdur ki, cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulmuş və bu, iddia tələbinin tam əsaslı və qanuni olduğunu sübuta yetirir. Digər tərəfdən, abonent barəsində cərimənin yaranma səbəbi abonentə kod açılır və abonentin qaz xəttinə qeyri-qanuni şəkildə qoşulması müəyyən olunmuşdur. Beləliklə də, cavabdeh barəsində üç akt tərtib edildiyi halda iki akt mübahisələndirilmişdir. Abonentə məxsus olan sayğacın həyət evində və yaxud həyət evindən kənarda, küçədə quraşdırılması sualına cavab verə bilmir. Belə ki, hesab edir ki, onun təyinatı barədə o, məlumat sahibi deyildir. Məhkəməyə onun tərəfindən nümayəndə olaraq təqdim edilmiş fotoşəkil əsasında təsdiq edir ki, həmin ev cavabdehə məxsusdur. Cavabdehin təqdim etdiyi fotoşəkillə onun təqdim etdiyi fotoşəkil arasında fərqin olduğu göründə də, ola bilsin ki, cavabdehə məxsus olan fərdi yaşayış evi Azəriqaz İB-nin nümayəndələri tərəfindən evin arxa hissəsi çəkilməklə tərtib olunmuşdur. Cavabdeh barəsində akt tərtib olunsa da, hal şahidlərinin iştirakı olmadan birtərəfli qaydada tərtib edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ona məxsus olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi sənədsiz evdir və həmin evə qaz sayğacı quraşdırılmışdır. O, evdə olmayan zaman sayğacına baxış keçirilmiş və plomb qoyulmuşdur. Onun barəsində tərtib olunmuş aktlar barəsində məlumatı olmamış, xəbərdarlıq olunmamış və aktı imza etməkdən imtina etməmişdir. Məlumatlı olmuş olsaydı, akta mütləq şəkildə imza etmiş olardı. Onun sayğacına blok qoyulanda o, Azəriqaz İB-nə müraciət etmiş və ona şəkil göstərilərək ona cərimənin hesablandığı qeyd olunmuşdur. Azəriqaz İB-nin iki nəfər nümayəndəsi ilə onun evinin yerləşdiyi əraziyə getmiş, lakin nümayəndələr onun evini tapa bilməmişlər. Yenidən idarəyə qayıdan zaman cərimənin hansı əsasla yazılması məsələsi müzakirə olunmuş və cərimənin silinməsi qərarına gəlinmişdir. Ona verilmiş şəkil ondan tələb olunsa da, o, şəkli verməkdən imtina etmişdir. Lakin buna baxmayaraq, onu razı salsalar da, bir neçə aydan sonra məhkəmədən bildiriş gəlmişdir. Onun sayğacı elektron, mexanikidir və kartla işləmir. Hətta əminliklə qeyd edir ki, Azəriqaz İB-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilən zaman hər hansı bir müdaxilə olunmadığı təsdiq olunar. Bu barədə sübut kimi videodisk mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçı Cavabdeh qonşu kimi təxminən 7-8 il müddətdir ki, tanıyır. Fotoşəkildə qeyd olunmuş ev onun qonşusu olan Arif adlı şəxsə, digər fotoşəkildə qeyd olunmuş ev isə onun hazırki qonşusu Cavabdeh məxsus olan evdir. Azəriqaz İB-nin nümayəndələrinin həmin yerə gəlməsi, akt tərtib olunması barədə heç bir şey görməmişdir. Qonşusu Cavabdeh tərəfindən kənar qoşulma halları barədə bir məlumatı yoxdur. Onun evi ilə iddiaçının evi arasında yaxın məsafə vardır. Videogörüntüdə əks olunmuş ev onun qonşusu olan Cavabdeh məxsusdur. Məhkəmə, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKS- 02894xx/xx-2021 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlardan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin nümayəndələri İ.İsmayılovun, M.Rzayevin, İ.Nəsirovun imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh sayğacdan kənar qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə etdiyindən təbii qaz təchizatı dayandırılmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması qərara alınmışdır. Əsas olaraq xx.xx.2021-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********45699 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2i ünvanında xx.xx.2021-ci il tarixdə Zenner G4T Mexaniki tipli **********5 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), aktlara əsasən abonentə 2021-ci ilə 972 manat borc hesablanmışdır. -Mədaxil qəbzindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat ödənilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 3 (üç) ədəd fotoşəkildən və videogörüntüdən görünür ki, ünvan 2ində cavabdehə məxsus olan torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa edilmiş, qaz sayğacı evdən kənarda küçədə quraşdırılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Laçın rayonu Çıraqlı kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X5»na (bundan sonra – Qaydalar) müvafiq olaraq, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın Zenner G4T Mexaniki tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək «X5»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarın aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. bəndinə əsasən, istehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. bəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. bəndinə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. bəndinə əsasən, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və cavabdehin izahatından müəyyən edilir ki, abonentə məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün etmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar ilə bağlı qeyd edir ki, abonentdən ödənilməsi tələb olunan 971.68 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii X5nın pozulması nəticəsi kimi hesablansa da, məhkəmə Azəriqaz İB tərəfindən təqdim olunmuş həmin aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, həmin aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar tərtib edilərək həmin aktlar əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin aktlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş aktlar tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, sözügedən aktların tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlarda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktların istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş aktlar natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii X5nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021ci il tarixli ******* saylı aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə, mülki iş materiallarına əlavə olunmuş, sayğacların əks olunduğu ayrıayrılıqda olan iddiaçı tərəfindən təqdim olunmuş 1 (bir) ədəd, cavabdeh tərəfindən isə təqdim olunmuş 3 (üç) ədəd fotoşəkillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş abonent saldosundan göründüyü kimi, abonent barəsində 971.68 manat cərimə məbləği hesablanmış, lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdə və videogörüntüdə torpaq sahəsinin əks olunduğu ərazidə birmərtəbəli fərdi yaşayış evi inşa edilmiş, quraşdırılmış qaz sayğacı evdən xeyli aralıda küçədə quraşdırılmış, beləliklə də, küçəyə doğru çöl tərəfdə quraşdırılmış sayğacdan təbii qazdan qeyri-qanuni istifadə edilməsi və nəticə etibarı ilə təbii qaza qanunsuz qoşulması, cərimə hesablanması mümkün deyildir. Azəriqaz İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 2-ci şəkildə əks olunmuş fərdi yaşayış evinin cavabdehə məxsus olması öz təsdiqini tapmamış, əksinə, cavabdehin izahatı, eyni zamanda, şahid ifadəsi əsasında həmin evin iddiaçının qonşusu olan, digər şəxsə məxsus olması öz təsdiqini tapmış, bununla bağlı sübutetmə yükü daşıyan Azəriqaz İB-nin nümayəndəsi istinad etdiyi həmin halı, yəni sayğacın və həmin sayğacın quraşdırıldığı fərdi yaşayış evinin həqiqətən də abonentə məxsus olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, məhkəmə Azəriqaz İB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkli əsas sübut növü kimi nəzərə almır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbinin əsası kimi tədqiq olunmuş hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar