Məhkəmə qərarları › İş №e-2(012)-2721/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2721/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2721/2023 28.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F saylı kredit müqaviləsi və BK- 00020526 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilməmiş əsas məbləğ üzrə 2865,07 manat, faiz borcu üzrə 813,20 manat, cərimə borcu üzrə 421,02 manat və 219,64 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 4318,95 manat məbləğində kredit borcunun və ödənilmiş 64 manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və cavabdehlərlə təşkilat arasında xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Daha sonra birgə borcluluq müqaviləsinə əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixili L-BK-0053846-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə birgə borclulara 18 ay müddətinə, aylıq 2,17%, illik 26 % olmaqla 3500 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq BK-00026933, BK-00026936 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bugünə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 634,93 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 362,40 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 46,67 manat olmaqla cəmi 1044 manat məbləğində pul ödənilmişdir. Halhazırda Cavabdeh1 təşkilata ödənilməmiş 2865,07 manat məbləğində əsas məbləğ , 813,20 manat məbləğində faiz borcu və 421,02 manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli L-BK-0053846-F saylı kredit müqaviləsinin 6.6-cı maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur.Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 219,64 manat təşkil edir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, biznes qurmaq üçün bankdan 3500 manat kredit götürmüşdür. Pandemiya olduğundan onun iş qurmaq planları baş tutmamışdır. Odur ki, o, hissə-hissə ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 “Dövriyyə kapitalı” məqsədilə 18 ay müddətinə, aylıq 2,17%, illik 26 % olmaqla 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li birgə borcluluq müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında birgə borcluluq müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən müqaviləni imzalayan hər bir şəxs xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üsulu kimi BOKT "xxxx" MMC qarşısında ailə üzvünün öhdəliyinin tam icrasında iştirak etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BK-00026933 №-li zaminlik müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi zaminlik müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən zamin BOKT "xxxx" MMC qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BK-00026936 №-li zaminlik müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi zaminlik müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən zamin BOKT "xxxx" MMC qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan BOKT "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, hal-hazırda Cavabdeh1 xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 2865,07 manat, faiz borcu üzrə 813,20 manat, cərimə borcu üzrə 421,02 və 219,64 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 4318,95 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi BOKT "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri, BOKT "xxxx" MMC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında birgə borcluluq müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh1 xx.xx.2021-ci il tarixli, L-BK- 0053846-F №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li birgə borcluluq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri, cərimələri həmin müqavilələr və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsinə əsasən hesablanmış 421,02 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, cavabdehlərin (birgə borcluların) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin üzrə 219,64 manat məbləğinin cavabdehlərdən tutulması ilə bağlı iddiaçı şirkət tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı şirkət tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 64 manat da cavabdehlərdən tutulub iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, L-BK-0053846-F №-li kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi bağlanmış zaminlik müqavilələri, birgə borcluluq müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilməmiş əsas məbləğ üzrə 2865,07 manat, faiz borcu üzrə 813,20 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 3688,27 manat məbləğində kredit borcu və ödənilmiş 64 manat dövlət rüsumu alınaraq iddiaçı BOKT “İnkişaf üçün Maliyyə “ MMC-yə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar