Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2724/2022 27.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat pulun alınaraq ona verilməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksindəki 24 saylı evin 5 saylı mənzili üzərində onun mülkiyyət hüququnun müəyyən edilməsi, həmin mənzilin boşaldılaraq təhvil verilməsi və vəkil üçün ödənilmiş 110 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun anasıdır. Uşaq vaxtlarından (15 yaşından) işləyərək müstəqil şəkildə qazanc əldə etmiş, əldə etdiyi qazancı yığaraq cavabdehə, yəni anasına vermişdir ki, həmin pullarla ev alsın. 2012-ci ildə anası ilə birlikdə "xxxx" ASC-yə yaxınlaşaraq evlərə baxmış və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7 km, 1 saylı binanın, 64-cü blok, 1-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 83.4 kv.metr olan 3 saylı mənzili bəyənmişlər. Həmin vaxt onun 18 yaşı tamam olmadığından "xxxx" ASC onunla müqavilə bağlamaqdan imtina etdiyindən məcbur qalıb müqaviləni anasının adına bağlamışlar. Həmin müqavilənin 2.1-ci bəndinin tələbinə əsasən mənzilin dəyərini 64204,18 manat məbləğində razılaşmaqla, hər ay 481,20 manat olmaqla 120 ay müddətinə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. Bundan sonra o, həmin müqavilənin şərtlərini tam icra edərək müqavilədə qeyd edilən məbləği "xxxx" ASC-yə ödəmişdir. Ödənişi tam bitirdikdən sonra "xxxx" ASC-dən kredit müqaviləsinə görə bütün borcu tam qaytardığına dair xx.xx.2019-cu il tarixli, 2153 saylı arayış alınmışdır. xx.xx.2012-ci il tarixli akta əsasən mənzil onlara təhvil verilmişdir. Mənzilin pulunu tam ödəyib bitirdikdən sonra 2021-ci ildə artıq yaşayış binasına çıxarışlar verilməyə başlayanda ölkə xaricinə çıxacağından mənzili adına keçirməsi üçün xx.xx.2021-ci ildə 2 saylı Asan Xidmət Mərkəzinin notariat ofisində cavabdehə etibarnamə vermişdir. Anası həmin etibarnamə ilə mənzilin müqaviləsini onun adına dəyişdirəcəyini və çıxarışı onun adına alacağına söz vermişdir. Mənzili adına sənədləşdirdikdən sonra bütün kommunal müqavilələr də onun adına keçirməli idi. Sonradan anası ilə əlaqə saxladıqda, anası hər gün bəhanə edərək evi hələ sənədləşdirmədiyini, xəstə olduğunu bildirmişdir. Bir gün bacısı ilə əlaqə saxladıqda, o, anasının artıq öz adına çıxarış aldığını dedikdə, şübhələnməyə başlamış, lakin sonradan buna əmin olmuşdur. Belə ki, mənzilə dair ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2021-ci ildə cavabdehin adına qeydiyyata alınmış və mülkiyyətçi kimi anası qeyd edilmişdir. Bundan sonra anasından təkidlə çıxarışı tələb etdikdə, o, çıxarışı və ödədiyi pullara dair qəbzləri ona vermədiyindən bacısından həmin sənədləri ona verməsini xahiş etmişdir. Bacısı isə bir müddət sonra bütün sənədlərin surətini ona təqdim etsə də, sənədlərin əslini verə bilməyəcəyini, anasıyla münasibətlərinin pisləşəcəyindən qorxduğunu demişdir. Bundan sonra o, anasından dəfələrlə mənzili onun adına sənədləşdirməsini xahiş etsə də, anası bundan imtina etmişdir. Cavabdehə 64204 manat məbləğində pulu ona ev alması məqsədi ilə vermişdir. Lakin cavabdeh onun pulu ilə mənzili əldə etsə də, əmlakı onun adına deyil, öz adına sənədləşdirmişdir. Həmçinin cavabdeh ondan sənədləşdirmə üçün 900 manat pul da almışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı tərəf atası X1 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək iddia ərizəsində dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh onun xeyrinə 64204,18 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 da iddianın təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 göstərdi ki, iddiaçı onun qardaşı, cavabdeh isə anasıdır. Qardaşı Orxan uşaq yaşlarından işləməyə başlamış, qazancını anasına vermişdir. Anası isə işləməmişdir. Həqiqətən də qeyd edilən mənzilin bütün pullarını Orxan vermişdir. Mənzilə çıxarış alınan zaman Orxan burada olmadığından, bu barədə etibarnamə verməsinə baxmayaraq mənzil anasının adına rəsmiləşdirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Nərimanov filialından xx.xx.2012-ci il tarixdə 33394,09 manat kredit götürmüş və xx.xx.2019-cu ilədək hissə-hissə qaytarmışdır. Mülki işin materiallarında olan Cavabdeh adına olan "xxxx" ASC-nin çoxsaylı mədaxil qəbzlərinin surətlərindən görünür ki, onun tərəfindən bank hesabına bir sıra ödənişlər edilmişdir. Mülki işin materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7 km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, 24 saylı evin 5 saylı mənzili xx.xx.2021-ci il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Mülki işin materiallarında olan cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ərizəsindən görünür ki, cavabdeh tərəf ona qarşı olan 64204,18 manat iddia tələbini qəbul edir. Mülki işin materiallarında olan 04 oktyabr 2012-ci il tarixli 16387 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7 km, 1 saylı binanın, 64-cü blok, 1-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 83,4 kv.metr olan 3 saylı mənzilinin 64204,18 manata satılmasına dair razılaşma olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7 km, 1 saylı binanın, 64-cü blok, 1-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 83,4 kv.metr olan 3 saylı mənzili "xxxx" ASC tərəfindən Cavabdeh təqdim edilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7 km, 1 saylı binanın, 64-cü blok, 1-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 83,4 kv.metr olan 3 saylı mənzilinin alınması ilə bağlı 119 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında həmin tarixə heç bir öhdəliyi qalmamışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında pul münasibətləri olmuş, iddiaçı cavabdehə 64204,18 manat pul vermişdir. O, bunu qeyd edilən mənzilin alınması üçün banka ödənilən ümumi məbləğ olmasını qeyd etsə də, sübutlar olmaması əsası ilə məhkəmə bu dəlilə tənqidi yanaşır. Bununla belə, işdən görünür ki, oğlu tərəfindən cavabdehə 64204,18 manat pul verilməsini Cavabdeh etiraf etmiş, bu barədə məhkəməyə ərizə təqdim edilmişdir. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 64204,18 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Rüstəmova (Aydınova) Nəzakət Şəmsəddin qızından 64204,18 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2724/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2724/2022
27.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver