Məhkəmə qərarları › İş №e-2(012)-2749/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2749/2023

08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2749/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 3488,64 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 82,68 manat pulun və 55,72 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3627,04 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızı arasında xx.xx.2020-ci il tarixində 119852 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05900 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 2(011)-4814/2022 saylı qətnaməyə əsasən 628,80 manat məbləğində İddiaçı İB-yə borcu olduğu müəyyən olmuşdur. Onun yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2384,64 manat, xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 475,20 manat olmaqla, cəmi 2859,84 manat məbləğində maddi zərər vurması müəyyən olunmuşdur (628,80+2859,84=3488,64 manat). Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 82,68 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə cəmi 3571,32 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızı iştirak etdiyi məhkəmə iclasında qaz xəttinə sayğacdan kənar qoşulmasını etiraf etdi, lakin o, tətbiq edilən cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 119852 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X1”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 19872 kub metr təbii qaza görə 2384,64 manat ziyan hesablanmışdır. Bu aktdan müəyyən edilir ki, Abşeron rayonu, Qobu qəsəbəsində (abonent kodu: **********05900) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmiş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3960 kub metr təbii qaza görə 475,20 manat ziyan hesablanmışdır. Bu aktdan da müəyyən edilir ki, Abşeron rayonu, Qobu qəsəbəsində (abonent kodu: **********05900) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmiş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan “istehlakçı” Cavabdeh adına olan **********05900 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin fevral ayınadək ümumilikdə 3488,64 manat borcu vardır. Sərfiyyata görə 2023-cü ilin mart ayı üçün borc 82,68 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlarla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktları və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızının xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 138 manat (4,6 x 10 x 30 = 1380 kub.metr), xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında isə 165 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), cəmi 303 manat ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********05900) Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X1”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 138 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında isə 165 manat olmaqla, cəmi 303 manat pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa, abonentin saldosundan görünür ki, Cavabdeh iddia qaldırılan tarixə kimi ümumi dəyəri 82,68 manat olan təbii qazı istehlak etmiş, lakin onun dəyərini İddiaçı İB-yə ödəməmişdir. Buna görə də iddia bu hissədə əsaslıdır və bu miqdarda təmin edilməlidir. Bununla belə, iddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 55,72 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nuriyeva (Hidayətova) Ayşən Abasqulu qızından (abonent kodu: **********05900) təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 303 manat, debitor borca görə 82,68 manat olmaqla, cəmi 385,68 manat və dövlət rüsumu üçün 55,72 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar