Məhkəmə qərarları › İş №e-2(012)-2765/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2765/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2765/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 200 manat, Cavabdeh2 isə 3397 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə satış şöbəsinin auditi vəzifəsinə, digər Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işdən azad olunmuşdur. Lakin işdən azad olunduqdan sonra xx.xx.2021-ci il tarixdə 200 manat əskiklik aşkarlanmış və xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh1 aktla tanış olmuş və aktı imzalamışdır. Qısa zaman ərzində ödəyəcəyini öhdəsinə götürsə də, cavabdeh borcu ödəməmişdir. Digər Cavabdeh2 isə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə əskikliklər aşkar olunmuş, 2865 manat barəsində cavabdeh izahat yazmış və kassaya ödəməli olduğu pulu ödəməmiş, şəxsi maraqları ücün xərclədiyini izahatlarında qeyd etmişdir. Aktlaşdırılmış və həmin məbləği xəzinəyə ödənilməsi haqqında şifahi xəbərdarlıq olunmuşdur. Daha sonra audit yoxlama zamanı xx.xx.2021-ci tarixdə həmin məbləğin 3397 manat olduğu məlum olmuş və aktlaşdırılmışdır. Təmsilçi həmin akta imza çəkməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC-də işlədiyi tarix aralığında öhdəliyində olan satış nöqtələrində 3397 manat pul vəsaitinin çatışmadığı aşkarlanmışdır. Bu barədə cavabdehin ünvanına borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaq, ödəniş olunmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh2 iddiaçıya ödənilməli olan borcu barədə şirkətin nümayəndəsinə məlumat vermiş və borcun hesablanmasında texniki yanlışlığa yol verilmişdir. Lakin bununla belə, iddia ərizəsinin tam təmin olunmasını xahiş edir. xx.xx.2022-ci il tarixinə və xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Master Foods MMC-də bir il müddətində çalışmışdır. O, özü yazılı şəkildə izahat vermiş və 2865 manat borcunun olduğunu bildirmiş və iddia ərizəsini də məhz ona aid hissədə 2865 manat hissədə qəbul edir. O, işdən çıxandan sonra 3397 manat borc hesablanmış olması istisna edilmir, lakin o, işlədiyi və işdən çıxana qədərki müddətdə 2865 manat borcun yarandığını güman edir və həmin məbləği ödəmək barədə üzərinə öhdəlik götürür. Ona görə də iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini və mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X9 MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh1 Master Foods MMC-yə audit vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi iş vaxtında daim səliqəli, ciddi olmalı, şirkətin satış şöbəsinin bütün əməliyyatlarına nəzarət etməli, uyğunluq aşkar olunarsa dərhal yazılı şəkildə rəhbərə məlumat verməli, aşkar olunmuş nöqsanların aktlarını tərtib etməli, şirkətin mənafeyinə zərər vuracaq hərəkətlərin qarşısını almalıdır. -X9 MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, bu müqavilənin şərtlərinə və Əmək Məcəlləsinin 200.1-ci maddəsinin tələbinə əsasən, işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra əmək münasibətləri prosesində işəgötürənin etibar edəcək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə işçinin maddi məsuliyyətinin əsasları bu müqavilənin predmetini təşkil edir. -Cavabdeh1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Master Foods MMC şirkətinin audit vəzifəsindən azad olunmasını xahiş etmişdir. -xx.xx.2021-ci il tarixli xxxxxxx0005X0 saylı əmək müqaviləsinə xiam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 Master Foods MMC ilə bağladığı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və bu barədə bildiriş elektron sistemə həmin tarixdə daxil edilmişdir. -Master Foods MMC-nin auditi X2, baş mühasibi X1 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə aşkar olunmuşdur ki, Master Foods MMC-nin auditi Cavabdeh1 şirkətin əməkdaşlıq etdiyi ticarət nöqtəsindən 200 manat şirkətə aid pulu götürmüş və Master Foods MMC-nin xəzinəsinə ödəməmişdir. Cavabdeh1 həmin pulu ödəyəcəyinə söz versə də, ödəməmişdir. -Master Foods MMC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərnamədən görünür ki, MMC tərəfindən cavabdehə işdən azad olunan zaman yaranmış 200 manat borc 7 gün müddətində ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -X9 MMC ilə işçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh2 Master Foods MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi şirkətə aid olan məhsulların sifarişlərini qəbul etməli və satışını təşkil etməli, planlı şəkildə satış nöqtələrini ziyarət edib ticari əlaqələri artırmalı, anbardan qaimə əsasında götürülən məhsulların dəyərini hesabat şəklində kassaya ödəməli, iş vaxtında daim səliqəli, işçiyə təhkim olunmuş ərazidə vaxtında olmalı, potensiallı müştəriləri tapmalı, onlarla ticari münasibətləri artırmalı, işdən azad olunarkən depazit və borcları şirkət nümayəndəsinə verməli, işi anbara təhvil verməlidir. -X9 MMC ilə işçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, bu müqavilənin şərtlərinə və Əmək Məcəlləsinin 200.1-ci maddəsinin tələbinə əsasən, işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra əmək münasibətləri prosesində işəgötürənin etibar edəcək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə işçinin maddi məsuliyyətinin əsasları bu müqavilənin predmetini təşkil edir. -Cavabdeh2 Master Foods MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 ona təhkim olunmuş Bakı şəhəri Nərimanov rayonu və Binəqədi rayon ərazilərindən 2865 manat pul əskikliyi olduğunu qəbul edərək həmin pulun şəxsi maraqları üzrə xərclədiyini qeyd etmiş, lakin hissə-hissə şirkətin xəzinəsinə ödəyəcəyini öhdəsinə götürmüşdür. -Master Foods MMC-nin auditi X2, baş mühasibi X11, satış müdiri X4 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə aşkar olunmuşdur ki, Master Foods MMC-nin satış təmsilçisi Cavabdeh2 anbardan qaimə əsasında götürdüyü malların dəyəri olan 2865 manat pulu satış nöqtələrindən götürərək şəxsi maraqları üçün xərcləmiş, lakin Master Foods MMC-nin xəzinəsinə ödəməmişdir. Cavabdeh2 həmin borcu öz etirafında etiraf etmiş və qısa zaman ərzində cəmiyyətin xəzinəsinə geri ödəyəcəyini öhdəsinə götürmüşdür. Akt satış təmsilçisi Cavabdeh2 tərəfindən də imza edilərək qəbul olunmuşdur. -Master Foods MMC-nin auditi X2, baş mühasibi X1, satış müdiri X4 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə aşkar olunmuşdur ki, Master Foods MMC-nin satış təmsilçisi Cavabdeh2 anbardan qaimə əsasında götürdüyü malların dəyəri olan 3397 manat pulu satış nöqtələrindən götürərək şəxsi maraqları üçün xərcləmiş, lakin Master Foods MMC-nin xəzinəsinə ödəməmişdir. Akt satış təmsilçisi Cavabdeh2 tərəfindən imza edilməmişdir. -xx.xx.2021-ci il tarixli xxxxxxx0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 Master Foods MMC ilə bağladığı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və bu barədə bildiriş elektron sistemə həmin tarixdə daxil edilmişdir. -Xəbərnamə qaimələrindən görünür ki, Master Foods MMC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubları cavabdehlər tərəfindən təhvil alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əhmədov X6 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 3-cü küçə dalan 4, 14 saylı evdə, X5 isə Qazax şəhəri Azadlıq küçəsi 85 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, sözügedən MMC-yə audit vəzifəsinə, digər Cavabdeh2 isə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin vəzifə səlahiyyətləri onunla bağlanılmış əmək müqaviləsi ilə, Cavabdeh2 isə vəzifə səlahiyyətləri eyni zamanda, satış təmsilçisi vəzifə təlimatı ilə, həmçinin, onlarla bağlanılmış maddi məsuliyyət haqqında müqavilə ilə tənzimlənmişdir. Belə ki, cavabdeh tərəfindən vəzifə səlahiyyətlərinin icra edilməsi nöqsanlara yol verilərək müəyyən edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq) 69-cu maddəsinin İ hissəsinə əsasən, öz şəxsi ərizəsi ilə, digər Cavabdeh2 isə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək funskiyalarının icrasının kobud şəkildə icra edilməsinə görə əmək müqavilələrinə xitam verilmişdir. Əmək müqavilələrinə xitam verilən zaman cavabdehlərin MMC-yə borclarının olduğu müəyyən edilmiş, hazırda, Cəmiyyət işçilər tərəfindən MMC-yə vurulmuş ziyanın məhkəmədənkənar qaydada tutulması tədbirlərini görməsinə baxmayaraq, bir nəticə verməmiş, bu səbəbdən də vurulmuş ziyanın məhkəmə qaydasında tutulmasına dair müdafiə hüququ yaranmışdır. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, maddi məsul şəxs olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmək müqaviləsi bağlandıqdan sonra əmək münasibətləri prosesində işəgötürənin etibar edəcək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə maddi məsuliyyətləri müəyyən olunmuşdur. Beləliklə də, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilədən də göründüyü kimi, işçi işə qəbul edilərkən əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərlə yanaşı, müəssisənin əmlakına görə də məsuliyyət daşımağı, eyni zamanda, həmin əmlaka dəymiş zərərə görə Cəmiyyət qarşısında tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki iş materiallarına əlavə olunmuş Master Foods MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, audit Cavabdeh1 şirkətin əməkdaşlıq etdiyi ticarət nöqtəsindən 200 manat şirkətə aid pulu götürməsi, satış təmsilçisi Cavabdeh2 isə anbardan qaimə əsasında götürdüyü malların dəyəri olaraq 2865 manat pulu satış nöqtələrindən götürərək şəxsi maraqları üçün xərcləməsi təsdiq olunmuş və cavabdehlər həmin borcu ödəyəcəklərinə dair öhdəlik götürsələr də. borcu ödəməmiş, Cavabdeh2 isə etirafında məhz 2865 manat borcu ödəyəcəyini etiraf etmişdir. Əmək Məcəlləsinin:

191. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

192. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli xxxxxxx0005X0 saylı və xx.xx.2021-ci il tarixli xxxxxxx0002X0 saylı bildirişlərindən görünür ki, Cavabdeh1 Master Foods MMC ilə bağladığı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə, Cavabdeh2 isə Master Foods MMC ilə bağladığı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, lakin bu hal cavabdehlərin iddiaçı qarşısında maddi məsuliyyətdən azad edilməsinə əsas olmadığından sonuncunun cavabdehlərdən pul tələbinə dair məhkəmə qaydasında müdafiə etmək hüququ istisna edilməmişdir. Əmək Məcəlləsinin:

198. maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

199. maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;

200. maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

202. maddəsinə əsasən, 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.

205. maddəsinə əsasən, 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş aktlar əsasında Cavabdeh1 iddiaçıya 200 manat borcunun yaranması öz təsdiqini tapmış və həmin borc məbləğinin yaranmasına dair akt cavabdeh tərəfindən təsdiq edilərək etiraf edilmişdir. Lakin iddia tələbindən həmçinin, görünür ki, iddiaçı tərəfindən digər cavabdehdən 3397 manat borcun tutulması xahiş olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli akt əsasında həmin cavabdehin 2865 manat borcunun yaranması cavabdehin özü tərəfindən verilmiş etiraf ərizəsi ilə təsdiq olunaraq sübuta yetirilmiş və Cavabdeh2 tərəfindən akt imza edilərək qəbul olunmuşdur. Lakin bununla belə, 3397 manat borcun yaranmasına dair akt tərtib olunmasına baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında həmin borcun hansı tarixlər üçün yarandığını sübuta yetirə bilməmiş, əksinə, maliyyə şöbəsinin nümayəndəsi tərəfindən texniki yanlışlığa yol verildiyini etiraf etmiş, 3397 manat borcun yaranması barədə akt Cavabdeh2 tərəfindən imzalanmamış, bu səbəbdən də, məhkəmə xx.xx.2021-ci il tarixli akt əsasında, həmçinin, məhkəmə iclasında 2865 manat borcunun olduğunu qəbul edərək etiraf edən Cavabdeh2 2865 manat borcun tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 dəymiş ziyana görə 200 manat, Cavabdeh2 isə 2865 manat pul vəsaiti tutularaq iddiaçı Master Foods MMC-nin xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 56 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 200 (iki yüz) manat, Cavabdeh2 isə maddi ziyana görə 2865 (iki min səkkiz yüz altmış beş) manat pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar