Məhkəmə qərarları › İş №e-2(012)-2769/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2769/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2769/2025 11.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 21 noyabr 2023-cü il tarixli “borc müqavilə”si üzrə Cavabdeh 3600 manat məbləğində pulun, o cümlədən hüquqi yardım üçün vəkillə bağlanmış müqaviləyə ödənilmiş 520 manat məbləində pul vəsaitinin və 61,20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh bir müddətdir tanışdırlar. Belə ki, həmin şəxs kuryer işləmək istəyirdi, lakin pulu yox idi və iddiaçıdan borc pul istəmişdir. İddiaçı isə hansı müddətə pulu geri qaytaracağını soruşduqda, cavabdeh bir il müddətində qaytaracağını bildirmişdir. Beləliklə, iddiaçı 21 noyabr 2023-cü ildə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində cavabdeh ilə “borc müqaviləsi” bağlamışdır. Müqavilə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı 3600 manat pulu borc şəklində faizsiz olaraq Cavabdeh vermişdir. Cavabdeh isə öz növbəsində ondan borc aldığı 3600 manat pul vəsaitini 21 noyabr 2024-cü il tarixinədək geri qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh həmin pulla özünə nəqliyyat vasitəsi alacağını və xx.xx.2024-cü il tarixinədək ona olan borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Lakin keçən müddət ərzində borcun qaytarılması üçün heç bir hərəkət etməmiş, müqavilə ilə nəzərdə tuutulmuş müddət bitmiş və cavabdeh borcu qaytarmamışdır. Hal-hazırda iddiaçının da maliyyə çətinlikləri var, həmin pula ehtiyacı var. Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş vaxtda borcu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar o, Bakı şəhəri 38 saylı Vəkil Birosuna müraciət etmiş və məhkəmədə onu təmsil etmək, o cümlədən hüquqi yardım üçün müvafiq müqavilə bağlayaraq, 520 manat pul vəsaiti ödəmişdir. Beləliklə, tərəflər arasında imzalanmış 21 noyabr 2023-cü il tarixli müqavilənin 2-ci bəndinə əsasən “borc alan”- Cavabdeh, pulu tam şəkildə 21 noyabr 2024-cü il tarixdə “borc verənə”- İddiaçı qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini pozmuş, borcunu qaytarmamışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 3600 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği faizsiz olaraq xx.xx.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, sizinlə xx.xx.2023-cü İİ tarixdə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində borc müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən onun tərəfindən Bakı şəhəri 2 saylı “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 iştirkaı ilə Sizə 3600 manat pul vəsaiti borc verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, müvafiq borc müqaviləsi üzrə 21 noyabr 2023-cü il tarixə tərəfinizdən ödənilməmiş qalıq borcu 3600 manat məbləğində borc pul vəsaitinin 10 gün müddətində ödənilməsinin təmin edilməsi sizdən tələb olunur. Əks təqdirdə, qeyd edilən borc müqaviləsi üzrə ödənilməmiş borcun və vəkilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair tərəfimdən qanunvericiliyə uyğun tədbirlər görüləcək və məhkəmə qaydasında əlavə xərclərdə sizdən tələb ediləcəkdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 3600 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği faizsiz olaraq xx.xx.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin 3600 manat məbləğini hələ də qaytarmamışdır. Hazırda iddiaçı 3600 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin borc müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan xx.xx.2023-cü il tarixli borc müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan borc verən İddiaçı və borcalan Cavabdeh tərəfindən şəxsən imzalanmış, müqavilə 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə 3M-605 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq verilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borcalan kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borc müqaviləsi qanunun tələblərinə uyğun bağlanılmış, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmiş, lakin cavabdeh borc müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməmişdir. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 3600 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1. maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 61,20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçının vəkil ilə müqavilə bağlamasına görə 520 manat məbləğində ödəniş etməsi iş materiallarında olan qəbz ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, 520 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat, 520 (beş yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 61,20 (altmış bir manat iyirmi qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar