Məhkəmə qərarları › İş №e-2(012)-2803/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2803/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2803/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 10383,2 manat əsas, 1105,16 manat faiz, 14,4 manat cərimə borcu olmaqla, cəmi 11502,76 manat borcun və 124,91 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 10572 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10383,2 manat əsas, 1105,16 manat faiz, 14,4 manat cərimə borcu olmaqla, cəmi 11502,76 manat borcu yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək borcun iddiaçı tərəfindən şişirdildiyini bildirdi. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin materiallarından olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh "xxxx" KB ASC-dən 60 ay müddətinə illik 24 %-lə 10572 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 10383,2 manat əsas, 1105,16 manat faiz, 14,4 manat cərimə borcu olmaqla, cəmi 11502,76 manat borcu vardır. İşdə olan məktubdan görünür ki, bank tərəfindən borcluya kredit öhdəlikləri və onun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5308 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 10386,99 manat əsas, 1096,80 manat faiz borcu olmaqla, cəmi 11483,79 manat borcu vardır. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 10572 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu yaranmışdır. İddiaçı bu borcu özünün maliyyə arayışı ilə təsdiq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 10383,2 manat əsas, 1105,16 manat faiz, 14,4 manat cərimə borcu olmaqla, cəmi 11502,76 manat borcu vardır. Lakin tələb edilən borcun məbləği cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunduğu kimi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5308 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 10386,99 manat əsas, 1096,80 manat faiz borcu olmaqla, cəmi 11483,79 manat borcu vardır. Məhkəmə ekspertin bu rəyi ilə razılaşır, bununla belə rəydəki əsas borc iddia tələbindəki əsas borcdan çox olduğuna görə, MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hazırda yaranmış əsas borc 10383,2 manat, faiz borcu isə 1096,80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 14,4 manat cərimənin məbləği azaldılaraq 1 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh 10383,2 manat əsas, 1096,80 manat faiz və 1 manat cərimə borcu olmaqla, cəmi 11481 manat pul alınaraq "xxxx" KB ASC-yə qaytarılmalı, bununla da iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124,91 manat dövlət rüsumu Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10383,2 manat əsas, 1096,80 manat faiz və 1 manat cərimə borcu olmaqla, cəmi 11481 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124,91 manat dövlət rüsumunun əvəzi "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar