Məhkəmə qərarları › İş №e-2(012)-2836/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2836/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2836/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 19 iyun 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(002)-1420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 25 sentyabr 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2012-ci ildə ailə qurmuş, birgə nikahlarından 25 sentyabr 2013-cü il tarixdə X2 anadan olmuşdur. Qaradağ rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşağın saxlanılması üçün 108 manat sabit pul məbləğində aliment qət edilmişdir. Qaradağ rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(002)-1420/2018 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilmiş, uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh 154 manatdan əlavə məbləğdə pul ödəmir. Ona görə də alimentin miqdarının dəyişdirilməsi ilə bağlı ilkin olaraq cavabdehə təklif göndərmiş, daha sonra 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya sessiyasında cavabdeh iştirak etməkdən imtina etmişdir. Mediasiya arayışı və ödənilmiş dövlət rüsumu iş materiallarına əlavə edilmişdir. Mediasiya sessiyasını keçmək üçün 50 (əlli) manat ödəniş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan iki uşağının olduğunu, ailədə yeganə qazanc gətirən olmasını, “X6” MMC-də sürücü işləməklə əmək haqqının 345 manat təşkil etdiyini, həmin məbləğin 154 manat hissəsinin iddiaçının himayəsində olan uşağının saxlanılmas üçün alimentə tutulduğunu, əmək haqqından qalan 191 manat pul vəsaiti ilə ailəsini çətinlikə dolandırdığını, alimentin miqdarının artırılacağı təqdirdə maddi vəziyyətinin daha da ağırlaşacağını, iddiaçının özünün işlədiyini, onun tərəfindən ödənilən aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olduğunu bildirərək, iddia tələbinin təmin edilməmədi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, birgə nikahdan olan X2 25 sentyabr 2013-cü ildə anadan olmuşdur. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 1420/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-2659/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 25 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Niazova Roza xx.xx.2016-cı ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə Paşayeva Rozanın birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşlar. İş materiallarında olan “X6” MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən “X6” MMC-də sürücü işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması haqqında Qaradağ Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.Cavabdehin himayəsində digər iki uşağının olması ilə əlaqədar iddiaya etirazı isə qeyd edilənlərə əsasən əsaslı sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1420/2018 saylı qətnaməsi ilə Cavabdeh 25 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 25 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar