Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2868/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 23 yanvar 2016-cı il təvəllüdlü X9 və 20 mart 2018-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 39/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2015-ci il tarixində Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış 216 nömrəli nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 23 yanvar 2016-cı il təvəllüdlü X9 və 20 mart 2018-ci il təvəllüdlü X5 analarının yanında saxlanılması, Cavabdeh 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün 220 manat miqdarında alimentin tutularaq 23 yanvar 2016-cı il təvəllüdlü X4 və 20 mart 2018-ci il təvəllüdlü X1 üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. O, 2015-ci ildən Cavabdeh ilə ailə həyatı qurmuş, 2015-ci il ildən 2018-ci ilin avqust ayına kimi Xırdalan şəhərində yaşamışlar. Xəlil nikah müddəti ərzində ailə həyatına hörmətlə yanaşmamış, dəfələrlə ona yalan danışmış, başqa bir qadınla ona xəyanət etmiş (hal-hazırda da həmin qadınla birlikdədir), dəfələrlə işlərilə əlaqədar problemlər olduğunu və bunun üçün borca düşdüyünü bildirmiş, onun borcunu ödəmişdir. Evli olduqları müddət ərzində tez-tez iş yerlərini dəyişdirmişdir. Son vaxtlar Naxçıvan Muxtar Respublikasında hərbi qulluqçu kimi xidmətə başlamış və işlədiyi həmin müddətdə əldə etdikləri qazancı pis vərdişlərə xərcləmiş, heç bir iş yerində daimi olaraq işləməmişdir. Onun şəxsi borclarını bağlaması üçün əldə etdiyi birkart hesabından 2700 manat pulu götürərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. 2020-ci ildə ona torpaq sahəsi almaq fikrinin olduğunu və bunun üçün pul lazım olduğunu bildirmiş, o isə torpaq alıb orda ev tikməyin tərəfdarı olduğu üçün onun sözlərinə aldanaraq “Naxçıvan Bank”dan 36 ay müddətinə 6700 manat məbləğində illik 17 % dərəcəsi ilə 12 iyun 2020-ci il tarixində 1206/04 saylı kredit müqaviləsi əsasında kredit götürmüşdür. Kredit götürüb pulunu Xəlilə təqdim etdikdən 1 həftə sonra torpaq sahəsini ala bilmədiyini, həmin pulları guya torpaq aldığı adama təqdim etdiyini, lakin həmin məbləği geri ala bilmədiyini bildirmişdir. O, həmin vəziyyətlə bağlı polisə müraciət edib pulları geri qaytarmasını tələb etdikdə Xəlil təkidlə polisə müraciət edə bilməyəcəyini söyləmişdir. Hazırki vaxtadək götürülmüş kreditlərdən sadəcə olaraq uşaqlar üçün ümumilikdə 440 manat dəyərində 2 yataq alınıb, digər xərclənilən pulları isə sadəcə olaraq, şəxsi məqsədləri üçün istifadə etmişdir. O, hazırda Naxçıvan şəhəri, A.Tağıyev adına 17 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi işləyir və aldığı aylıq maaşın 250 manat hissəsi ilə sözügedən kredit müqaviləsi üzrə ödənişi həyata keçirir. Həmçinin himayəsində iki övladı var, onların aylıq xərcləri ilə birlikdə həmin ödənişləri həyata keçirməkdə çox çətinlik çəkir. Hazırda Naxçıvan Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin 634,34 manat (vergidən xaric) əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, ondan tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manata çatdırılmalıdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz edərək ərizəsində göstərmişdir ki, iddianı qəbul etmir. Hazırda o, birinci evliliyindən olan iki uşağa görə 216 manat və İddiaçı isə iki uşağa görə 220 manat məbləğində aliment ödəyir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsində MAHHX HQ kiçik çavuş vəzifəsində xidmət edir. Ərizəyə qoşma kimi əlavə etdiyi arayışdan görsəndiyi kimi, aylıq pul təminatı 630 manat təşkil edir. Həmin 630 manatdan birinci və ikinci alimentə görə ümumilikdə 436 manat pul tutularaq iddiaçılara ödənilir. Aylıq pul təminatından alimentlər tutulduqdan sonra 194 manat pul vəsaiti onun kart hesabına köçürülür. Kartına köçürülən 194 manat pul vəsaiti onun aylıq dolanışığına yetmir. O, hərbçi olduğu üçün əlavə gəlir yeri yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbi hüquqi baxımdan məntiqsiz və əsassızdır. Buna görə də onun maddi vəziyyəti nəzərə alınmalı və iddiaçının iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİİ 800964 və AZ-İV 118096 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 23 yanvar 2016-cı il təvəllüdlü X9 və 20 mart 2018-ci il təvəllüdlü X10 anadan olmuşlar. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2015-ci il tarixində Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış 216 nömrəli nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 23 yanvar 2016cı il təvəllüdlü X9 və 20 mart 2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün 220 manat miqdarında alimentin tutularaq 23 yanvar 2016-cı il təvəllüdlü X4 və 20 mart 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1212/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 07 avqust 2015-ci il tarixdən başlayaraq 06 iyul 2006-cı il təvəllüdlü X6 və 25 dekabr 2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 108 manat sabit məbləğdə alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin 13 may 2022-ci il tarixli, 281 saylı arayışından görünür ki, hissədə xidmət edən MAHHXH qulluqçusu - kiçik çavuş Cavabdeh vergilər xaric aylıq təminatı 630 manat təşkil edir. Həmin vəsaitdən İ aliment üzrə 216, İİ aliment üzrə 220 manat tutulur. Aylıq təminatdan alimentlər tutulduqdan sonra qalan 194 manat pul onun kart hesabına köçürülür. İş materiallarından görünür ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikaha girmişlər və bu nikahdan onların 23 yanvar 2016-cı il təvəllüdlü X9 və 20 mart 2018-ci il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Onların nikahı Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-39/2022 saylı, xx.xx.2022-d il tarixli qətnaməsilə ləğv olunmuş, boşanmadan sonra birgə nikahdan doğulmuş 23 yanvar 2016-cı il təvəllüdlü X9 və 20 mart 2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün 220 manat miqdarında alimentin tutularaq 23 yanvar 2016-cı il təvəllüdlü X4 və 20 mart 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh bu nikahdan öncə də nikahda olmuş, həmin nikahdan da onun iki uşağı olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1212/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli qətnaməsilə həmin nikah pozulmuş, Cavabdeh 07 avqust 2015-ci il tarixdən başlayaraq 06 iyul 2006-cı il təvəllüdlü X6 və 25 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 108 manat sabit məbləğdə alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, cavabdeh rəsmi işləyir və hazırda 630 manat əmək haqqı alır. Məhkəmə qətnamələrinə görə bu vəsaitin 436 manat hissəsi aliment kimi tutulur və 194 manat hissəsi isə cavabdehin özünə verilir. İddiaçının tələbinə əsasən alimentin artırılması isə "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa ziddir, belə ki, həmin Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, 2022-ci il üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2868/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2868/2022
22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver