Məhkəmə qərarları › İş №e-2(012)-288/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-288/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-288/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı «X1»ın Bakı filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı “X1”ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 5677.33 manat əsas, 402.8 manat faiz olmaqla, cəmi 6080.13 manat bоrcun və 80.8 manat dövlət rüsumunun tutularaq “X1” Bakı filialının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, «X1»ın Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 59 ay müddətinə 6000 manat kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1»ın Bakı filialı ilə Cavabdeh1 arasında 1195 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən, borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq, hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 157,23 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 1415,07 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 790 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 29% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən, hesablanmış faizlərlə birlikdə 6080,13 manat təşkil edir. Bundan 5677,33 manat vaxtı keçmiş kredit borcu, 402,8 manat faiz borcu təşkil edir. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında öz öhdəliyini yerinə yetirənədək borcalanla birlikdə məsuliyyət daşıyır. Bu səbəbdən də, məhkəmə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı «X1»ın Bakı filialının nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən «X1»ın Bakı filialı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana mənzilin təmiri məqsədilə istifadə haqqı illik 19 faiz hesablanmaqla 59 ay müddətinə 6000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kredit alan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2027-ci il tarixə kimi hər ay banka 157,23 manat, sonuncu ay isə 157,45 manat ödəməklə qaytarmalıdır. -xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan kredit müqaviləsi üzrə bankdan 6000 manat kredit vəsaitini imza edərək təhvil almışdır. -Kreditor «X1»ın Bakı filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1195 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -«X1»ın Bakı filialının Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə və aidiyyəti hüquq mühafizə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun banka 5677,33 manat əsas, 402,8 manat faiz borcu olmaqla, cəmi 6080,13 manat borcu vardır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10076 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 6075,63 manat müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5677,13 manat, faiz borcu üzrə 398,5 manat. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin Cavabdeh1r Çingiz qızı bank qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10076 saylı rəyinə əsasən, cavabdehin müqavilə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5677,13 manat, faiz borcu üzrə 398,5 manat borcunun olması müəyyən olunmuşdur. İddia ərizəsindən göründüyü kimi, cavabdehə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən əsas borca görə 5677,33 manat, faiz borcuna görə 402,8 manat hesablanmışdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, ekspert rəyini əsas sübut növü kimi qiymətləndirib nəzərə alır və cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 5677,13 manat, faiz borcuna görə 398,5 manat borcun tutulmasını daha məqsədəmüvafiq hesab etməklə, eyni zamanda, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 80,8 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qanunvericiliyin tələblərini və mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, «X1» ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5677,13 manat, faiz borcuna görə 398,5 manat olmaqla, cəmi 6075,63 manat borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, ödənilmiş 80,8 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərinə görə müəyyən edilmiş 50 manat pul vəsaiti isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 1013 saylı kredit müqaviləsi üzrə 5677,13 (beş min altı yüz yetmiş yeddi manat on üç qəpik) manat əsas, 398,5 (üç yüz doxsan səkkiz manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 6075,63 (altı min yetmiş beş manat altmış üç qəpik) manat borc və 80,8 (səksən manat səksən qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı «X1»ın Bakı filialının xeyrinə tutulsun. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar