Məhkəmə qərarları › İş №e-2(012)-2881/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2881/2024

12.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2881/2024 12.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat məbləğində aliment, həmçinin xx.xx.2019-cu il tarixli X2 müalicəsi üçün hər ay 100 manat məbləğində maddi yardımın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1282/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1282/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların birgə nikahdan doğulmuş övladları - xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin bildirir ki, onunla Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2019-cu il tarixli X2 xroniki xəstəliyi mövcuddur və davamlı olaraq müalicəyə ehtiyacı vardır. Cavabdeh övladı X3 həkimə aparmamış, ancaq babası uşağı həkimə aparanda övladının yanında olmuş və uşaq üçün bazarlıq etmişdir. O, aylıq 300-400 manat dərmanlara xərcləyir, cavabdeh isə ona heç bir köməklik göstərmir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh övladları ilə 2021-ci ildən bəri yalnız iki dəfə görüşmüşdür. Hazırda cavabdehin özünə məxsus texnikaları vardır və Bərdə rayonunun Yeni Daşkənd kəndində işləyir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2019-cu il tarixli X5 xroniki xəstəlikdən əziyyət çəkir və iddiaçı övladının dərmanları üçün ayda minimum 250 manat pul xərcləyir. Cavabdeh "xxxx" ASC-dən kənd təsərrüfatı texnikaları kirayə almışdır. Hazırda cavabdeh kənd təsərrüfatı maşınlarını və traktorları icarəyə verərək ondan pul əldə edir və 1000 manatdan çox maaş alır. Deyilənə görə həmin maşınlar cavabdehin qardaşının adınadır. Birgə nikahdan doğulmuş övladlarının - xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulması onları qane edir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, onun övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il tarixli X1 üçün aliment ödəməyə imkanı yoxdur, bu səbəbdən övladlarından birinin ona verilməsini istəyir. O, uşaqlarını sonuncu dəfə 2-3 ay əvvəl görmüşdür. İddiaçı da qeyd etdiyi kimi o, "xxxx" ASC-dən traktor, kənd təsərrüfatında istifadə edilən malalama aləti götürmüş, lakin sonradan traktoru satmış, malalama texnikası isə borc kimi onun üstündə qalmışdır. O, hazırda sözügedən borc məbləğini ödəmişdir. İddiaçı ilə birgə nikah dövründə o, bankdan kredit götürmüşdür və hazırda maddi imkanı olmadığından yaranmış kredit borcunu onun bacısı ödəyir. Qeyd etdi ki, o, uzun müddətdir, dövlət orqanında işləyir, hər ay normal əmək haqqı alır. Onun başqa qazancı və gəlir mənbəyi yoxdur. Bu səbəbdən o, ondan aliment məbləğinin tutulmasının qanuna müvafiq olaraq əmək haqqına yönəldilməsini məhkəmədən xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 Cavabdeh izahatına uyğun izahat verərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh hazırda "xxxx" ASC-də işləyir və ayda 545 manat məbləğində maaş alır. İddiaçı isə cavabdehdən ümumilikdə, 570 manat məbləğində aliment tutulmasını tələb etmişdir. Birgə nikah dövründə cavabdeh "xxxx" ASC-dən 20000 manat məbləğində kredit götürmüş, iddiaçı isə qeyd edilən məbləğdə pulu götürüb getmişdir. Cavabdeh kredit borcuna görə banka hər ay 160 manat ödəyir. Qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi qüvvəyə mindikdən sonra cavabdehin əmək haqqında cüzi artım olmuşdur. Göstərilənləri nəzərə alaraq o, cavabdehdən aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmasını, lakin alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi halında iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan AA4307498 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə doğulmuşdur. İş materiallarında olan AA4307499 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1282/2022 saylı, 29 iyun 2022ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bərdə Regional «ASAN Xidmət» X7 bağlanmış 08 fevral 2018-ci il tarixli, 173 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2406/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(012)-1282/2022 nömrəli qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni “hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində” alimentin tutulmasına dair hissədə dəyişdirilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 iyun 2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 275 № ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC Mərkəzi Aran RETSİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 07 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixindən hal-hazıra kimi "xxxx" ASC-nin X12 Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə Yeni Həyat şəbəkə sahəsində növbətçi elektrik montyoru vəzifəsində işləyir və əmək haqqı 545 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2024-cü il tarixli, 3-22-2/2- 1483/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2015-ci il 21 avqust tarixli, 1514-L/15 nömrəli və 2017-ci il 25 sentyabr tarixli, 1309-L/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 20200 manat olan 1 ədəd hidravlik-Can-D.M.A.T-24 markalı və 1 ədəd AG-MDH 32 markalı ağır diskli malalar lizinqə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli, 273 nömrəli Qərarına uyğun olaraq həmin kənd təsərrüfatı texnikalarına ümumilikdə 8080 manat məbləğində güzəşt tətbiq edilmiş və 2017-ci il 28 noyabr tarixli, 2338-GL/17 nömrəli yeni müqavilə imzalanmışdır. Hazırda lizinq müqavilələri üzrə vətəndaşın Agentlik qarşısında 6037 manat həcmində ümumi borc öhdəliyi mövcuddur ki, bu məbləğin tam hissəsi gecikdirilmiş borcdur. İş materiallarında olan Bərdə rayon Yeni Daşkənd kəndinin icra nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2024-cü il tarixli, 224 saylı arayışın surətindən görünür ki, Bərdə rayon Yeni Daşkənd kənd sakini Cavabdeh hal-hazırda valideynləri ilə bir təsərrüfatda yaşayır, onun adına ərazidə heç bir əmlak yoxdur və ərazidə o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh hal-hazırda X10 X11 stansiyasında növbətçi montyor işləyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 81.1-ci, 81.2-ci və 112.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş arayışda qeyd olunan əmək haqqı məbləğinin miqdarını kimi diqqətə layiq halı nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş hər bir uşaq üçün 180 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2406/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1282/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını azaldılarkən Apellyasiya Məhkəməsi məhz cavabdehin əmək haqqının miqdarını əsas meyar kimi qəbul etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə iddia tələbinin 23 dekabr 2019-cu il tarixli X2 müalicəsi üçün hər ay 100 manat məbləğində maddi yardımın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin əlavə xərc olaraq 100 manat aliment ödəməyə imkanın olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2406/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 11 sentyabr 2018-ci il təvəllüdlü X4 və 23 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. İddia tələbi 23 dekabr 2019-cu il tarixli X2 müalicəsi üçün hər ay 100 manat məbləğində maddi yardımın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar