Məhkəmə qərarları › İş №e-2(012)-2915/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2915/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2915/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının dəyişdirilərək, tərəflərin birgə nikahından olan 22 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin və iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 22 iyun 2013-cü il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Daha sonra tərəflərin ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)- 5866/2015 saylı, 14 dekabr 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan övladları 22 iyun 2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçmiş və uşağın saxlanılması üçün tutulmuş alimentin miqdarı çox azdır. Tutulmuş aliment isə bu xərcləri ödəmir. Həmçinin “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının dəyişdirilərək, tərəflərin birgə nikahından olan 22 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin və iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb və işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 598364 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 28 iyun 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 22 avqust 2013-cü il tarixdə 1641 nömrə ilə qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiası təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(012)-5866/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, alimentin 220 manata qaldırılmasına və 50 manat mediator xərcinin ödənilməsi aid iddiaya razılığını bildirmiş və səhhəti ilə əlaqədar iştirak edə bilmədiyi üçün məhkəmənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 28 iyun 2013-cü il təvəllüdlü X2 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsinə əsasən 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacı artmaqdadır. Cavabdeh isə məhkəməyə ünvanlandığı teleqramda, alimentin 220 manata qaldırılmasına razılığını bildirmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini və cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin məhkəmə hesab edir ki, mediasiya xidməti haqqı kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməli, iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar