Məhkəmə qərarları › İş №e-2(012)-2968/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2968/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2968/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2643,84 manat zərər, debitor borcu (sayğac vasitəsi ilə istifadə) üzrə 874,34 manat pulun və 55,59 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə AKX-02617xx/xx-2020 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10855 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********039 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmuş və təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2643,84 manat İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 874,34 manat borcu (debitor borc) da qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, AKX- 02617xx/xx-2020 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı evə baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -İddiaçı İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 22032 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********10855 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu 28 May qəsəbəsi ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4 Smart tipli **********039 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1) abonentin aktlara əsasən, 2023-cü ilin fevral ayına aid olan borcu 2643,84 manat, debitor borcu üzrə isə 874,34 manat təşkil edir. -Mədaxil qəbzindən görünür ki, İddiaçı İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 55,59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2020-ci il tarixli, AKX- 02617xx/xx-2020 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********10855 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G4 markalı Smart tipli, **********039 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona təbii qazdan istifadəyə görə tərtib olunmuş akt əsasında cəmi 2643,84 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X1nın pozulması haqqında aktından görünür ki, istehlakçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə təbii X1nı pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Borclu Cavabdeh onunla bağlanmış xx.xx.2020-ci il tarixli, AKX-02617xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçının bu müqavilənin və “X1”nın tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9cu bəndinə əsasən, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X1nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktına əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X1na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 2643,84 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X1»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «X1»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə araşdırması zamanı iddiaçının “X1”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmış və bu barədə iddiaçıya təbii X1nın pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 180 gün (6 ay) müddəti üçün cərimə hesablamışdır. Məhkəmə həmin hesablama ilə razılaşmır. Belə ki, abunəçinin həmin qazdan qeyri-qanuni 180 gün istifadə etməsini iddiaçı sübutlarla əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qazdan istifadəsi 30 gün müddətində müəyyən edilərək hesablanmalıdır. Beləliklə cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə uyğun olaraq 3672 m3 (0,8x24x30=864 m3, 3.5x24x30=2520 m3, 0,8x24x30=576 m3) olmaqla, ümumilikdə, cəmi 440,64 (864+2520+576=3672m3 x 0,12=440,64) manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə həmçinin, qeyd edir ki, abonent saldosundan göründüyü kimi, cavabdehin qaz sərfiyyatına görə 874,34 manat borcu yaranmışdır. Ona görə iddia tələbləri bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93) Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 55,59 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abonent Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 440,64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat dəymiş ziyan, debitor borcuna görə 874,34 (səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 55,59 (əlli beş manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 1370,57 (min üç yüz yetmiş manat əlli yeddi qəpik) manat pul vəsaiti İddiaçı İB-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar