Məhkəmə qərarları › İş №e-2(012)-3050/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3050/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3050/2022 23.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 1099 manat əsas, 164,8 manat cərimə borcu olmaqla, ümumilikdə 1263,8 manat borcun və 32,6 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla cəmi 1099 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə heç bir ödəniş etməmiş, qalıq qalmış 1099 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərə görə faktiki cərimə borcu 1648 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1648 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i miqdarında güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%- i, yəni 164,8 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 1099 manat əsas borc, 164,8 manat cərimə borcu olmaqla, cəmi 1263,8 manat təşkil etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdehin Cəmiyyətdən aldığı “Samsung” markalı televizorda istehsalat zədəsi olmamışdır. Televizor standartlara uyğun qaydada müştərinin evində qəbul edilmiş, istifadə olunmuş və evdə yetirilmiş zədə nəticəsində sıradan çıxmışdır. Cavabdeh müqavilə öhdəliyinə əməl etməli və aldığı malın dəyərini Cəmiyyətə ödəməlidir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, aldığı mal zədəli olmuş və onun tərəfindən təhvil verilmişdir. Ona yeni, saz vəziyyətdə eyni markalı televizor verilsə, ödəməni davam etdirər. Hazırki halda isə ödəmədən söhbət gedə bilməz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung” markalı televizor almış, 250 manat ilkin ödəniş etmiş və 18 ay ödəniş cədvəli üzrə hər ay 62 manat (sonuncu ay 45 manat) olmaqla, cəmi 1099 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu 1099 manat əsas, 1648 manat cərimə olmaqla, cəmi 2747 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 3325 saylı çatdırılma blankının surətindən görünür ki, Cavabdeh aldığı “Samsung” markalı televizor Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, poliklinika ilə üzbəüz ünvanda cavabdehin arvadı Humay Kamilovaya təhvil verilmişdir. Mülki işin materiallarında olan 29 aprel 2019-cu il tarixli texniki rəydən görünür ki, 0C0F3LAM200477F seriyalı “Samsung” markalı televizorun yoxlanılması zamanı ekranın sıxılma və ya zərbə nəticəsində sınması, cihazda maye izlərinin olmaması, cihazın təmirinin zəmanət şərtlərinə uyğun olmaması müəyyən edilmişdir. Mülki işin materiallarında olan 29 avqust 2022-ci il tarixli rəydən görünür ki, 0C0F3LAM200477F seriyalı “Samsung” markalı televizorun yoxlanılması zamanı ekranın sınması, cihazda maye izlərinin olmaması və mexaniki zədənin olması, qüsurun istehsalçı tərəfindən deyil, istehlakçı tərəfindən törədilməsi, LCD panelinin sınıq olması müəyyən edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış 164,8 manat dəbbənin məbləği azaldılmalı və 11 manat müəyyən edilməlidir. Cavabdehin aldığı malın zədəli olması barədə dəlili əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan mötəbər sübutlardan görünür ki, Cavabdeh aldığı “Samsung” markalı televizora istehlakçı tərəfindən zədə vurulmuşdur. Zədə istehsalçı tərəfindən törədilsəydi, qeyd edilən mal istehlakçının ünvanında qəbul edilməməli idi. İş materiallarından isə görünür ki, televizorun ekranı sıxılma və ya zərbə nəticəsində zədələnmişdir və buna görə məsuliyyəti istehlakçı daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 1099 manat əsas borc, 11 manat cərimə, cəmi 1110 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 32,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 32,6 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1099 manat əsas borc, 11 manat cərimə, cəmi 1110 manat və dövlət rüsumu olaraq ödənilmiş 32,6 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar