Məhkəmə qərarları › İş №e-2(012)-3063/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3063/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3063/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavаbdеh Cavabdeh iddiаçı İddiaçı ASC-nin хеyrinə xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsi üzrə 8556,99 manat əsas, 687,60 manat faiz, 338,57 manat cərimə borcu, 15,45 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 9583,16 manat borcun, xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı plastik kart kredit müqaviləsi üzrə 2999,08 manat əsas, 219 manat faiz, 43,50 manat cərimə borcu, 5,41 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 3266,99 manat borcun və 128,55 manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 11000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 323,12 manat təşkil edir. Eyni zamanda Bank Avrasiya” ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 3000 manat məbləğində plastik kart krediti verilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı Kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Eyni müddəa xx.xx.2023-cü il tarixli MXD-1788- 2023 saylı plastik kart Kredit müqaviləsində də öz əksini tapmışdır. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, kredit müqavilələri üzrə borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2025-ci il tarixinə hesablanmaqla xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 9583,16 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 8556,99 manat əsas borcu, 687,60 manat faiz borcunu, 338,57 manat cərimə borcunu, 15,45 manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcunu ehtiva edir. xx.xx.2025-ci il tarixinə hesablanmaqla xx.xx.2023cü il tarixli, MXD-1788-2023 saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 3266,99 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 2999,08 manat əsas borcu, 219 manat faiz borcunu, 43,50 manat cərimə borcunu, 5,41 manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcunu ehtiva edir. Qeyd edilir ki, faiz borcu pretenziya məktubunda göstərilən tarixə hesablanmış faiz borcunu ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kreditverən İddiaçı ASC ilə kreditalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana illik 18 % hesablanmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 11000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kreditverən İddiaçı ASC ilə kreditalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı plastik kart kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana illik 18 % hesablanmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, kreditalanın İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsi üzrə 8556,99 manat əsas, 687,60 manat faiz, 338,57 manat cərimə borcu, 15,45 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 9583,16 manat borcu, xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı plastik kart kredit müqaviləsi üzrə 2999,08 manat əsas, 219 manat faiz, 43,50 manat cərimə borcu, 5,41 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 3266,99 manat borcu vardır. -İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildiriş və poçt reyestrindən görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqavilələrinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdehnın iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2023-cü il tarixli, MXD-1544-2023 saylı kredit müqaviləsi üzrə 8556,99 manat əsas borc üzrə hesablanmış 338,57 manat cərimənin azaldılaraq 30 manat, xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı plastik kart kredit müqaviləsi üzrə 8556,99 manat əsas borc üzrə hesablanmış 43,50 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 46,58 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia tələbi verilməsi üçün 128.55 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavаbdеh Cavabdeh iddiаçı İddiaçı ASC-nin хеyrinə xx.xx.2023-cü il tarixli, MXD-1544- 2023 saylı kredit müqaviləsi üzrə 8556,99 manat əsas, 687,60 manat faiz, 30 manat cərimə borcu, 15,45 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 9290,04 (doqquz min iki yüz doxsan) manat borc, xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı plastik kart kredit müqaviləsi üzrə 2999,08 manat əsas, 219 manat faiz, 5 manat cərimə borcu, 5,41 manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 3228,49 üç min iki yüz iyirmi səkkiz) manat və ödənilmiş 128.55 manat dövlət rüsumu məbləğində borc tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavаbdеh Cavabdeh iddiаçı İddiaçı ASC-nin хеyrinə xx.xx.2023-cü il tarixli, MXD- 1544-2023 saylı kredit müqaviləsi üzrə 8556,99 (səkkiz min beş yüz əlli altı manat doxsan doqquz qəpik) manat əsas, 687,60 (altı yüz səksən yeddi manat altmış qəpik) manat faiz, 30 (otuz) manat cərimə borcu, 15,45 (on beş manat qırx beş qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 9290,04 (doqquz min iki yüz doxsan manat dörd qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, MXD-1788-2023 saylı plastik kart kredit müqaviləsi üzrə 2999,08 (iki min doqquz yüz doxsan doqquz manat səkkiz qəpik) manat əsas, 219 (iki yüz on doqquz) manat faiz, 5 (beş) manat cərimə borcu, 5,41 (beş manat qırx bir qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış faiz borcu olmaqla, cəmi 3228,49 (üç min iki yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat və ödənilmiş 128.55 manat dövlət rüsumu məbləğində borc tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar