Məhkəmə qərarları › İş №e-2(012)-310/2025

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-310/2025

07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-310/2025 07.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14605 manat məbləğində iddiaçıya vurmuş olduğu maddi ziyanın, əldən çıxmış fayda olaraq 1250 məbləğində pulun, vəkilə hüquqi xidmət üçün ödədiyi 1000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 140 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, ev 180 iddiaçının mülkiyyətimdədir, iddiaçı orada yaşayır. Həmin ərazidə Qaçaq Nəbi 491 C ünvanda yerləşən bağ evi də iddiaçıya aiddir. Həyətində bəzi işləri gəlib görən qonşusu Mehdi istixana qurmaq istədiyini bildiyində bu işlərin ustası olduğunu və bu işi öhdəsinə götürə biləcəyini demişdir. 2023-cü ilin sonunda qaynaq aparatı alıb işə başlamış, material üçün ondan 4850 manat məbləğində pul almışdır. Onun 1500 manatına poli-karbonat alınmış, qalan hissəsini metal konstruksiyaya vermişdir. Bu işi o razılaşdıqlarının əksinə çox keyfiyyətsiz şəkildə həyata keçirmişdir. Bu iş üçün 3000 manat xidmət haqqı almışdır. Yarımçıq qalan və keyfiyyətsiz işləri daha sonra düzəldəcəyinə söz vermişdir. Digər bağ evində isə evin çölündə və içərisində bəzi təmir işləri aparılması və həyətdə kanalizasiya işləri aparılması üçün razılaşmış, lakin cavabdeh şərt qoymuşdur ki, bütün işləri özü həll edəcək, heç kim ona nəzarət etməyəcək, başqa ustaların da onun işinə müdaxilə etməyinə icazə verməyəcək. Həmin dövrdə Qaçaq Nəbi küçəsi, 491 C ünvanda yerləşən evində kirayəçi var idi. Həmçinin onların evdən çıxmasını tələb etmişdir. Buna səbəb olaraq bu işdə ona usta olan qohumlarının kömək edəcəyini və həmin usta qohumlarının o evdə qalacağını göstərmişdir. Beləliklə, cavabdeh 35-40 gün ərzində evin təmirini bitirəcəyinə söz vermiş, xx.xx.2024-cü il tarixdə təmirin başlaması üçün həyətə lazımi avadanlıqlar gətirilmişdir (LESA). İşə başlamadan əvvəl iddiaçıdan 1000 manat pul almış və qeyd etmişdir ki, onun barəsində cinayət işi gedir və bu səbəbdən ona pul lazımdır. Təmir başladıqdan bir neçə gün sonra isə iddiaçıdan material üçün 2000 manat material pul almışdır. Ümumiyyətlə, iddiaçıya bu işi 6000 manata həll edəcəyini demişdir. Bu məbləğin 2000 manatı material, 4000 manatı isə əməkhaqqı idi. Aralarında mübahisə başlayan zaman iddiaçı ödəyəcəyi 4000 manat pulun 2500 manatını artıq əvvəlcədən ödəmişdi. Əlavə olaraq 500 manatı ondan mənəvi təzyiq, hədə-gələrək anasının iştirakı ilə almışdır. İşin yarıda olmasına baxmayaraq, qalan 1000 manatı da hədə-qorxu gələrək tələb etməyə başlamışdır. Aralarındakı mübahisənin səbəbi iddiaçıdan icazəsiz işlədiyi evin 1-ci mərtəbəsində kənar şəxslərin (qadın uşaq) bütün təmir müddəti ərzində orada yerləşdirilməsi idi. Bu insanların ordan çıxarılmasını tələb etmiş, bu müddət ərzində öyrənmişdir ki, cavabdeh narkotik vasitə satışı və dələduzluq əməllərinə görə polis tərəfindən saxlanılmışdır. Bundan başqa 5 ay ərzində kirayəçi orada olmadığına görə iddiaçı 1250 manat ziyana düşmüşdür. Bütünlükdə divarın yenidən qaşınmasına 1000 manat pul ödəmişdir. Yenidən həyətdə təmir üçün avadanlığın qurulmasına 200 manat, əlavə materialların alınmasına 300 manat pul ödəmişdir. Həmçinin bütün bunlardan əlavə həmin qadınla iddiaçının evində yaşadığı müddətdə 125 manat işıq pulu borcu, 30 manat miqdarında da qaz pulu borcu yaranmışdır. Bunları da iddiaçı ödəmişdir. Bundan başqa santexnik işləri və su borularını da düzgün qurmaması ilə əlaqədar 100 manat pul ödəmiş, həmçinin həyətində olan 9 ədəd dəmir barmaqlıq, su borularına düzəldilən yelləncək, dəmir listlər və qaz boruları da onun tərəfindən aparılmışdır. Bunların ümumi dəyəri isə 500 manatdır. Həmçinin həyətdə kanalizasiya borusu üçün şambo qazılmış, lakin ora kanalizasiya quyusu üçün çıxış borusu qoyulmamışdır. Bunun da yenidən düzəldilməsi üçün iddiaçı 200 manat əlavə pul ödəyəcəkdir. Bütün bunlardan əlavə olaraq iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə xidmət haqqı olaraq 1000 manat dəyərində pul ödəmişdir. Ümumi olaraq cavabdeh ona 2300 manat dəyərində material aldırmışdı. Bu materialların içərisində 600 manat dəyərində boya yox idi. O, təmir zamanı bir çox səhvlər etmişdir. Belə ki, evdəki borular səhv yığılmış, evin və həyətin divarına mozaik formalı dekor işləri görmüş, lakin hamısı hal+-hazırda ovulub tökülmüş vəziyyətdədir. Cavabdehin keyfiyyətsiz gördüyü divar daş mozaik qalıntılarının qaşınıb təımizlənməsi üçün başqa usta çağıraraq 1000 manat ödəməlidir. İstixana yararsız vəziyyətdə olduğu üçün yeni istixana qurulması üçün sökülməlidir. Sökülmə nəticəsində materialların təkrar istifadəsi mümkün deyil. Sökülmə üçün usta iddiaçıdan 1000 manat istəyir. Cavabdeh iddiaçının etibarından sui-istifadə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə (həcminin azaldılmasına) dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6190 manat məbləğində ona vurmuş olduğu maddi ziyanın, vəkilə hüquqi xidmət üçün ödədiyi 1000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 81.95 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh ustadır, həmçinin iddiaçının qonşusudur. İddiaçıdan pul almış, lakin cavabdeh işi görməmişdir. Cavabdeh iki yerdə təmir işləri görməli idi, iddiaçının hər iki torpaqda evi var. Birində istixana qurmalı idi, digərində istilik sistemi çəkməli və təmir işləri görməli idi. İstixana düzəldilməsi üçün 4850 material və 3000 manat da əməkhaqqı kimi vermişdir. Digər ev üçün isə 2000 manat material haqqı, 3000 manat isə əməkhaqqı vermişdir. Disklərdə təmirlə bağlı görüntülər var. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən cavabdehin məhkəmə iclaslarına gəlməməsi səbəbindən onun iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim edildiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: -Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86.2 ha olan bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixdə **********06-11301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 180 ünvanda yerləşən ümumi sahəsi 0.18 ha olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022-ci il tarixdə **********77 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, PQ-S-29/2025 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikilən istixananın təmir tikinti xərcləri 3220.56 manat, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində Cavabdeh tərəfindən təmir edilmiş hissələrə çəkilmiş təmir-tikinti xərcləri 6195 manat təşkil edir. İddia ərizəsi və iddiaçı tərəfin izahatından görünür ki, iddiaçı cavabdehin müxtəlif tarixlərdə ondan müxtəlif məbləğlərdə borc götürdüyünü, bununla bağlı öz imzası ilə təsdiqləyərək iltizamlar yazdığını, lakin borcunu indiyə kimi qaytarmadığını irəli sürərək ümumilikdə 26900 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 6190 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** qəbz əsasında ödənilmiş 140 manat dövlət rüsumunun tələb olunan 81.95 manat hissəsi, həmçinin hüquqi yardım üçün ödənilmiş 1000 manat vəkil xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6190 manat məbləğində pul vəsaiti, ödənilmiş 81.95 manat dövlət rüsumu və 1000 manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar