Məhkəmə qərarları › İş №e-2(012)-3124/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3124/2022

03.11.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3124/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsən Hüseynovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 749.60 manat gecikdirilmiş əsas, 270.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 382.57 manat dəbbə pulu, 2568 manat dəymiş zərər olmaqla, ümumilikdə, cəmi 3970.83 manat borc və ödənilmiş 60.11 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Həsən Hüseynov iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, X1 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Runna” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, X3 illik 17 % hesablanmaqla 36 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 340.48 manat, ümumilikdə isə 12258 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12258 manatın 9550 manatı əsas məbləğ təşkil edir. xx.xx.2021-ci il tarixdə X3, X10 və İddiaçı ASC arasında UNİ-3069 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə isə X10, Cavabdeh və İddiaçı ASC arasında UNİ-3069 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Runna” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 2568 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 350 manat olmuşdur. Eyni zamanda, Cavabdeh “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 749.60 manat gecikdirilmiş əsas, 270.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 382.57 manat dəbbə pulu olmaqla, cəmi 1402.83 manat borcu yaranmışdır. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və öhdəliyi yaranmışdır. Eyni zamanda, mülki iş üzrə məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5627 saylı rəyi ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 362028 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. -Lizinq verən İddiaçı ASC ilə lizinq alan X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 9550 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 36 ay müddətində illik 17 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə, müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam olunarsa lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır, lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır, bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 8.1.-ci bəndinə əsasən, lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə, lizinq verən lizinq alanı lizinq obyektinin bu müqavilə ilə şərtləşdirilmiş müddətlərdə gətirilməsinin mümkün olmadığını bildirdikdə digər uzadılmış müddət isə lizinq alanı qane etmədikdə müqavilə lizinq alanın təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, həmçinin, lizinq alanın sürücülük hüququndan məhrum edildikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu, onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektinin dəyəri 9550 manat olan “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan X3 daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 340.48 manat, sonuncu ay isə 340.70 manat ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı ASC ilə öhdəlikləri ötürən X3, öhdəlikləri qəbul edən X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli UNİ-3069 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X3 daxili lizinq müqaviləsi üzrə İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edən X9 ötürməyi, X10 isə bu öhdəlikləri ötürən X2 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. -İddiaçı ASC ilə öhdəlikləri ötürən X10, öhdəlikləri qəbul edən Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli UNİ-3069 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X10 daxili lizinq müqaviləsi üzrə İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edən Cavabdeh ötürməyi, Cavabdeh isə bu öhdəlikləri ötürən X9 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. -Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu haqqında aktdan görünür ki, İddiaçı ASC “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu ödənilmədiyindən təhvil-təslimini aparmışdır. -İddiaçı ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2022-ci il tarixli 154 saylı xəbərdarlıqdan görünür ki, ASC daxili lizinq müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 190 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 749.60 manat gecikdirilmiş əsas, 270.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 382.57 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 1402.83 manat borcu yaranmışdır. -İddiaçı ASC tərəfindən verilmiş "xxxx" MMC servisə məxsus qüsur aktından görünür ki, “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 2568 manat hesablanmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC - adlı quruma VÖEN: ********* dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, hüquqi ünvanı AZ1012, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, ev 4, X11, qanuni təmsilçi X4 olmasına dair xx.xx.2017-ci il tarixli, **********366700 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X7 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Səfərli X5 rayonu Mediabad qəsəbə ərazi dairəsi Mediabad qəsəbəsi 47 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5627 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı “Runna” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: o cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1488 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 598 manat; təmir-bərpa işlərinin qiyməti - 890 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1321 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 431 manat; təmirbərpa işlərinin qiyməti - 890 manat müəyyən edilmişdir. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış «Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi»nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı daxili lizinq müqaviləsinə əsasən, “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən İddiaçı ASC tərəfindən lizinq alan X1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 9550 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 36 ay müddətinə hər ay 340.48 manat muzd haqqı ödənilmək şərtilə, lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Mülki iş materiallarına əlavə olunmuş öhdəliklərin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli UNİ-3069 saylı müqaviləyə əsasən, lizinq alan (öhdəliklərini ötürən) X3 lizinq müqaviləsi üzrə öhdəliklərini X9, X10 isə xx.xx.2021-ci il tarixli UNİ-3069 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, öhdəliklərini tam həcmdə öhdəlikləri qəbul edən şəxsə, yəni Cavabdeh ötürmüş, sonuncu şəxs müqavilə üzrə öhdəlikləri tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. Beləliklə də, İddiaçı ASC-nin daxili lizinq müqaviləsi üzrə borcun tutulmasına dair Cavabdeh münasibətdə tələb irəli sürməyə subyektiv hüququ yaranmışdır. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və cavabdeh həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 382.57 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 749.60 manat əsas borc üzrə hesablanmış 382.57 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin: 748-1.8. maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12. maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-2.3. maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iddia tələbindən də göründüyü kimi, cavabdehin, yəni lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini vaxtında ödəməməsi lizinq verənin lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi hüququnu yaratmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli №1/2021 saylı Qərardadındakı hüquqi mövqeyə əsasən, 12. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrıayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə əsasən, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alğı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. İddia tələbindən eyni zamanda, müəyyən olunur ki, lizinq obyekti olan “Runna” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 2568 manat hesablanmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş qüsur aktı ilə öz təsdiqini tapmışdır. Avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5627 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Runna” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1321 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 431 manat; təmir-bərpa işlərinin qiyməti - 890 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mülki iş materialları ilə paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qəbul edir və avtomobilə 1321 manat zərərin dəyməsi qənaətinə gəlir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 60.11 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 60.11 manat dövlət rüsumunun əvəzi və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 60 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, cavabdehdən daxili lizinq müqaviləsinə əsasən, 749.60 manat gecikdirilmiş əsas, 270.66 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu, dəymiş zərərə görə 1321 manat olmaqla, ümumilikdə, cəmi 2351.26 manat pul vəsaiti və ödənilmiş 60.11 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli UNİ-3069 saylı “Daxili lizinq müqaviləsi” üzrə 749.60 (yeddi yüz qırx doqquz manat altmış qəpik) manat gecikdirilmiş əsas, 270.66 (iki yüz yetmiş manat altmış altı qəpik) manat gecikdirilmiş mükafat, 10 (on) manat dəbbə pulu, dəymiş zərərə görə 1321 (min üç yüz iyirmi bir) manat olmaqla, ümumilikdə, cəmi 2351.26 (iki min üç yüz əlli bir manat iyirmi altı qəpik) manat pul vəsaiti və ödənilmiş 60.11 (altmış manat on bir qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatına görə 60 (altmış) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar