Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3132/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Bankı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bankı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli DKM/008N05A01784522 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı "xxxx" Bankı ASC-nin qarşısında 7139,79 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 365,34 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 159,59 manat məbləğində penya, cəmi 7664,72 manat məbləğində pul vəsaitinin və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın və 96,70 manat məbləğində dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/008N05A01784522 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 14 700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli DKM/008N05A01784522/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə Cavabdeh2 Kreditor qarşısında gecikdirilmiş borcu 7 505,13 manat təşkil edir ki, bunun da 7 139,79 manat vaxtı keçmiş əsas borcdan, 365,34 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə bu məbləğ 159,59 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə,eynizamanda digər Cavabdeh1 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2025-ci il tarixli, BO–XO- 7.4.2025-010 №-li Xəbərdarlıq məktubunun və xx.xx.2025-ci il tarixli, BO–XO-7.4.2025- 011 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/008N05A01784522 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı "xxxx" Bankı ASC-nin qarşısında 6498,7 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 2,75 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 124,97 manat məbləğində penya, cəmi 6626,42 manat məbləğində pul vəsaitinin və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşdə olan kredit və zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh2 "xxxx" Bankı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli DKM/008N05A01784522/ZM saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 12% olmaqla 36 ay müddətinə 14700 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 "xxxx" Bankı ASC-yə olan borcu 6498,7 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 2,75 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 124,97 manat məbləğində penya, cəmi 6626,42 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddianın ona münasibətdə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Həmçinin məhkəmə iddia tələbini cavabdeh zaminə münasibətdə də qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). İddia tələbinin dəbbə puluna dair hissəsində məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə hesablanmış 124,97 manat məbləğində cərimə azaldılaraq 3,55 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6498,7 manat əsas, 2,75 manat faiz, 3,55 manat cərimə borcu olmaqla, cəmi 6505 manat pul "xxxx" Bankı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 96,70 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6498,7 manat əsas, 2,75 manat faiz, 3,55 manat cərimə borcu olmaqla, cəmi 6505 manat pul və 96,70 manat dövlət rüsumunun əvəzi "xxxx" Bankı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3132/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3132/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver