Məhkəmə qərarları › İş №e-2(012)-3182/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3182/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3182/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizin qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12953.55 manat məbləğində əsas bоrc və 809.02 manat faiz borcu оlmaqla, cəmi 13762.57 manat borcun və 131.95 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 18 mart 2024 il tariхli, 101804-771680/1 nömrəli istehlak krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir.Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 18 mart 2024 il tariхli, 101804-771680/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 18 mart 2024 il tariхli, 101804-771680/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır.Borc alan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 22 aprel 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12953.55 manat məbləğində əsas bоrcu və 809.02 manat faiz borcu оlmaqla, cəmi 13762.57 manat məbləğində kredit bоrcu yaranmışdır.İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır.Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12503.55 manat məbləğində əsas bоrc və 1007,74 manat faiz borcu оlmaqla, cəmi 13511,29 manat borcun və 131.95 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, habelə iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdiklərini bildirdilər və bu barədə məhkəməyə ərizə təqdim etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 mart 2024-ci il tariхli, 101804-771680/1 saylı istehlak kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 18 % hesablanması şərti ilə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 mart 2024-ci il tariхli, 101804-771680/1 saylı zaminlik müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alan Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 18 mart 2024-cü il tariхli, 101804-771680/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə həmin tarixə 12953,55 manat əsas borcun, 809.02 manat faiz borcunun, cəmi 13762,57 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, 18 mart 2024-cü il tariхli, 101804-771680/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə həmin tarixə 12503.55 manat məbləğində əsas bоrc və 1007,74 manat faiz borcu оlmaqla, cəmi 13511,29 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə gorə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 mart 2024-ci il tarixdə kredit müqaviləsi və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 12503.55 manat məbləğində əsas bоrc və 1007,74 manat faiz borcu оlmaqla, cəmi 13511,29 manat pul tutulmalı, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 130 manat pul cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 12503.55 manat məbləğində əsas bоrc və 1007,74 manat faiz borcu оlmaqla, cəmi 13511,29 manat və dövlət rüsumu olaraq ödənilmiş 130 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar