Məhkəmə qərarları › İş №e-2(012)-3215/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3215/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3215/2022 22.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1000 manat behin ikiqat mislinin, yəni 2000 manat məbləğində behin, 110 manat məbləğində yol xərcinin, 45 manat məbləğində dövlət rüsumunun alınıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhərində ailələrinin maddi durumuna uyğun olan qiymətə yaşayış evi almaq məqsədi ilə sərfəli variantlar axtararkən elanda Hökməli qəsəbəsində hazır vəziyyətdə olan evin satılması barədə məlumatla rastlaşmış və 20 dekabr 2021ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Elanı yerləşdirən şəxsin ***-***-**-** nömrəli mobil telefonuna zəng edib onunla Hökməli qəsəbəsinə girişdə - Hökməli dairəsi adlanan ərazinin 50-60 metrliyində, yolun sağındakı ofisində görüşmüş və sonradan adının X4 olduğunu bilmişdir. Həmin şəxslə söhbətdən sonra Yasin Əzizov ona ofisindən çox da uzaqda olmayan, divarından üç daş hörülmüş olan yarımtikilini göstərmiş və bu evi tikilib tam hazır olandan sonra 60000 manata ona sata biləcəyini bildirmişdir. Sonra cavabdeh ofisində ona qəbz vermiş və təxminən 10 gün ərzində aralarında bağlanan müqaviləni tərtib edəcəyini bildirmişdir. Həmin müqavilədə evin keyfiyyət etibarı ilə hansı materiallarla mövcud qanunvericiliyin tələblərinə riayət etməklə tikilib təmir olunacağını, xüsusilə bünövrəsinin etibarlılığı və ev üçün müvafiq sənədləşmələrin cavabdeh tərəfindən aparılacağının müqavilədə göstəriləcəyini vəd etmişdir. Yasin Əzizov mədaxil qəbzi blankını doldurmuş, qəbzdə fiziki şəxs VÖEN: ********** Seriya GLM/2 № 025654, xx.xx.2021-ci il qeydləri yazılmışdır. Cavabdeh ondan beh olaraq 2 min manat istəsə də, 1000 manat pul alıb qəbzi ona vermişdir. O da qəbzi rəsmi sənəd hesab eləmiş və götürüb rayona qayıtmışdır. Təxminən 10- 12 gündən sonra Bakıya gəlib cavabdehlə görüşmüş və cavabdeh ona evi hazırladığını bildirmişdir. O, cavabdehdən hazırlayacağına söz verdiyi müqaviləni tələb edəndə, cavabdeh müştəri ilə müqavilə bağlamadıqlarını, evə sənədlərin alınmasını da ev hazır olandan sonra söhbət edəcəklərini bildirmişdir. O, cavabdehə qəbzi göstərib behi geri istəmiş, bu zaman cavabdeh mədaxil qəbzini əlindən alaraq tullamış və behi qaytarmayacağını bildirmişdir. Yasin Əzizovun işin başlanğıcından onu aldatmasından bu işin sonunun yaxşı olmayacağını hiss eləmiş və cavabdehin ona qarşı özbaşına hərəkətləri barədə xx.xx.2022-ci ildə "102” xidmətinə şikayətini bildirmişdir. Araşdırma Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılmışdır. 2022-ci ilin mart ayının ortalarında bölmənin təhqiqatçısı Samir Məmmədovdan götürdüyü “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunmuşdur ki, şikayəti mülki xarakterli olduğundan o, məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəməyə müraciət etmək məcbutiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 491.1-ci maddəsində göstərilmişdir ki, “Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Mülki Məcəlləsinin 492.2-ci maddəsində qeyd olunmuşdur ki, “Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir...”. Hesab edir ki, bu işlərdə çox təcrübəli olan X4 bundan istifadə edərək heç bir müqavilə bağlamadan standart olmayan mədaxil qəbzində şərh etməli olduğu görəcəyi xidmətlərin adı əvəzinə "beh” sözünü yazaraq onu aldadıb 1000 manat pulunu almış, Şəhərsalma və Tikinti qanunvericiliyinin tələblərinə cavab verməyən qanunsiz tikili (ünvansız) inşa edərək ona satmaq niyyətində olmuş, bununla onun ailəsinə mənzil almaq barədə arzularını puç etmişdir. Belə vəziyyətdə araalarında olan razılaşmanın həyata keçirilməməsi üçün məsuliyyət tam olaraq cavabdehin üzərinə düşür və buna görə də cavabdeh ondan aldığı behi ikiqat misli ilə, yəni 2000 manatı ona qaytarmalıdır. Bundan başqa, Əzizov Yasin ona verdiyi vədin yerinə yetirilməsini qəsdən süründürməçiliyə yol verərək 5 dəfə Lənkəran şəhərinin 50 km-liyində yerləşən kəndə gedib qayıtmağına səbəb olmuşdur. Bildirir ki, Bakı şəhərindən Lənkəran şəhərinə marşurut avtobusları hər sərnişini 10 manata, oradan kəndlərinə isə 1 manata aparır. Beləliklə onun hər dəfə Bakı şəhərinə gəlib-getməyi ona 22 manatdan olmaqla, cəmi 110 manata başa gəlmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının izahatıyla eyni məzmunlu izahat verdi. Cavabdeh X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ev almaq məqsədilə onun işlədiyi ofisə yaxınlaşmışdır. İddiaçının seçdiyi evin qiyməti 60000 manat olmuşdur. Onlar evləri tikdikdən sonra evin layihəsini alırlar. İddiaçı evi sifariş vermiş və ona 1000 manat beh vermişdir. Onlar adətən sifarişi götürəndə podrat müqaviləsi bağlayırlar. Daha sonra iddiaçı evin kürsüsünü sökdürmək istəmişdir. O, kürsünü sökmüş və bütün xərci özü çəkmişdir. 1 həftə sonra iddiaçı işin alınmadığını bildirmişdir. Bundan sonra onlar evi əvvəlki vəziyyətinə qaytarmışlar. Behdən sonra pulun qalanını verməlidir. İddiaçı pulun qalanını qaytarmağa gəlmiş, lakin həmin vaxt o, ofisdə olmamışdır. Sonra o, iddiaçı ilə görüşmüş və onunla əlaqə saxlamasını istəmişdir. Odur ki, o, 1000 manat məbləğində pulu iddiaçıya qaytarmağa razıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ev almaq məqsədilə cavabdeh X2 işlədiyi ofisə yaxınlaşmış və ev üçün cavabdehə 1000 manat beh vermişdir. Lakin sonradan iddiaçı sözügedən evi almaq istəməmiş və cavabdehdən 1000 manat pulu qaytarmasını tələb etmiş, cavabdeh isə pulu qaytarmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə istinad edərək hesab edir ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Lakin tərəflər arasında 1000 manat behin verilməsi ilə bağlı hər hansı yazılı razılaşma olmamış və yazılı razılaşmanın olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı evi almaqdan imtina etməsinə baxmayaraq, ödədiyi 1000 manat məbləğində pul cavabdeh tərəfindən qaytarılmadığından, həmçinin cavabdeh məhkəmədə izahatında 1000 manat pulu qaytarmağa razı olduğunu bildirdiyindən, məhkəmə hesab edir ki, cavabdeh X1 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə cavabdehdən 110 manat məbləğində yol xərcinin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 45 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 1000 manat məbləğində pul və 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar