Məhkəmə qərarları › İş №e-2(012)-3250/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3250/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3250/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, LBP/22/023/000001 saylı kredit müqaviləsi üzrə 5590.4 manat əsas, 457.7 manat faiz, 50.88 manat cərimə olmaqla, cəmi 6098.98 manat borcun və ödənilmiş 81 manat dövlət rüsumunun tutulması, tələbin girov predmeti ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması, əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, cavabdehlərdən müştərək qaydada 5590.4 manat əsas, 821.07 manat faiz, 171.63 manat cərimə olmaqla, cəmi 6583.1 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, LBP/22/023/000001 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 48 ay müddətinə, illik 26% hesablanmaqla 5730 manat kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə Cavabdeh1 arasında girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Həmçinin, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklər icra edilməmişdir. Bu səbəbdən də, kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LBP/22/023/000001 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə, illik 26% dərəcəsi ilə 5730 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını bir ay sonradan, yəni, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2026-cı il tarixədək hər ay banka 193.2 manat (sonuncu ay 193.24 manat) ödəməklə qaytarmalıdır. -Borcverən İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Girovsaxlayan İddiaçı ASC ilə girovqoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, G-LBP/22/023/000001 saylı girov müqaviləsindən görünür ki, girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyalarını kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi banka girova saxlanca qoymuşdur. -»Muğanbank» ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığından görünür ki, bank tərəfindən borcalanlara banka olan borc 5 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -»Muğanbank» ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın kredit müqaviləsi üzrə 5590.4 manat əsas, 821.07 manat faiz, 171.63 manat cərimə olmaqla, cəmi 6583.1 manat borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LBP/22/023/000001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 26% dərəcəsi ilə 5730 manat kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, cavabdehə məxsus olan ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyalarının girova qoyulması xx.xx.2022-ci il tarixli, G- LBP/22/023/000001 saylı girov müqaviləsinin bağlanması ilə rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 281.1. maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2. maddəsinə əsasən, əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Mülki iş materiallarına əlavə olunmuş girov müqaviləsinə əsasən, girovqoyan kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girovsaxlayana ona məxsus olan qızılzinət əşyasını girov qoymuşdur. Bununla da, bankın girov müqaviləsi bağlandığı və girov predmeti olan əşyanın ona təhvil verildiyi andan həmin əmlaka münasibətdə girov hüququ yaranmışdır. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, banka 5590.4 manat əsas, 821.07 manat faiz, 171.63 manat cərimə olmaqla, cəmi 6583.1 manat borc yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin ödəmələri vaxtında icra etməməsi onların üzərinə 171.63 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə sözügedən müqaviləyə əsasən, 5590.4 manat əsas borc üzrə hesablanmış 171.63 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli, LBP/22/023/000001 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə üzrə müəyyən edilmiş qaydada yerinə yetirməməsi nəticəsində banka 5590.4 manat əsas, 821.07 manat faiz və 10 manat cərimə olmaqla, cəmi 6421.47 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilərək həmin borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın girov predmeti olan ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyalarına yönəldilməsinə dair əsaslı hesab edib təmin edir. Mülki Məcəllənin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bank girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, girov predmeti olan ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyalarının açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlərə qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ müştərək qaydada onun digər əmlakına yönəldilməklə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, LBP/22/023/000001 saylı kredit müqaviləsi üzrə 5590.4 (beş min beş yüz doxsan manat qırx qəpik) manat əsas, 821.07 (səkkiz yüz iyirmi bir manat yeddi qəpik) manat faiz və 10 (on) manat cərimə olmaqla, cəmi 6421.47 (altı min dörd yüz iyirmi bir manat qırx yeddi qəpik) manat borc və iş üzrə ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb İddiaçı ASC-yə girov qismində qoyulmuş ümumi çəkisi 77.1 qram olan qızılzinət əşyalarına yönəldilsin. Cavabdeh1 məxsus olan girov qoyulmuş ümumi çəkisi 77.1 qram olan qızıl-zinət əşyalarına tutma yönəldilsin, həmin əşyaların satışından əldə olunmuş vəsaitdən cəmi 6502.47 (altı min beş yüz iki manat qırx yeddi qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin hesabına keçirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar