Məhkəmə qərarları › İş №e-2(012)-3261/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3261/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3261/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5430,38 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 25 manatın Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Binəqədi 7” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 9818,03 manat zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlaması zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5430,38 manat borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5430,38 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədən 1 ay müddətinə əsas iş yeri olmaqla İddiaçı MMC-də “administrator” vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X3 haqqında Müqavilədən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında işçinin vəzifə funksiyaları və vəzifə məsuliyətləri göstərilməklə bağlanmışdır. İş materiallarında olan “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 1777 saylı əmrindən görünür ki, “Oba – Binəqədi 7” mağazasında administrator işləyən Cavabdeh öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, Cavabdeh öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş iltizamnamədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş qeyd edilən iltizamnaməni imzalamaqla və müvafiq qeydlərini aparmaqla sayımda tam olaraq iştirak etdiyini, sayım qrupu tərəfindən təqdim olunan kəsr məhsullarını yoxladığını, sayımla bağlı heç bir narazılığının olmadığını, sayılan miqdarların düzgünlüyünü öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 110-x saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinin Administratorunun (Cavabdeh) əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Pərviz oğlunun 23 yanvar 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5430,38 manat təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu, 191-ci, 192-ci, 194-cü, 199-cu, 200-cü, 202-ci, 205-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. “Oba – Binəqədi 7” mağazasında administrator vəzifəsində çalışdığı zaman xx.xx.2024cü ildə aparılmış inventarizasiya nəticəsində Cavabdeh 5430,38 manat məbləğdə zərər vurması müəyyən edilmiş, tərəflər arasında X3 haqqında müqavilənin bağlandığını nəzərə alaraq, cavabdeh (zərər vuran) Cəmiyyətə 5430,38 manat məbləğində zərər vurduğunu tam etiraf etmişdir. İddiaçı MMC tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli arayışdan göründüyü kimi Cavabdeh 23 yanvar 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5430,38 manat təşkil edir. Beləliklə, məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-nin qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və buna görə də Cavabdeh mülki hüquq məsuliyyəti daşımaqla İddiaçı MMC-yə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin İ hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin İ hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinin İ hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin İ hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin İ hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin İİ hissəsinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə iddia tələbinin mediasiya xərci kimi ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı təşkilat tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, məhkəməyə iddia qaldırmaq üçün ödədiyi 25 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5430,38 manat məbləğində pul vəsaiti, 60 manat mediasiya xərci və 25 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar