Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3265/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 5.405,00 (beş min dörd yüz beş) manat məbləğində ziyanın, o cümlədən dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, İddiaçı İmamverdi oğlu, idarə etdiyi “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəh, Nəsimi rayonu, M.Əliyev küç. ilə S.Vurğun küçəsi istiqamətindən Bül-bül prospekti istiqamətində hərəkət edərkən avtomobil yolunun sağ hissəsində velosipedlərin hərəkəti üçün ayrılmış zolağın üzərində dayanmış, sürücüsü Cavabdeh2 olan “Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında əyləşmiş sərnişin Cavabdeh1 tərəfindən avtomobilin sağ arxa qapısı qəflətən açılmış və iddiaçının avotomobilinə zərər vurmuşdur. Qeyd olunan hadisə baş verən əraziyə yol-patrul xidməti əməkdaşları yaxınlaşmış və tərəflər araşdırmanın aparılması üçün Bakı şəhər X6 İdarəsinə yaxınlaşmışlar. Araşdırma zamanı tərəflərin izahatları alınmış, “Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və həmin avtomobilin arxa oturacağında əyləşən və bilavasitə qapını açan sərnişin Cavabdeh1 barəsində inzibati xəta haqqında protokollar tərtib olunmuş, yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuşdur. Bundan əlavə, məlum olmuşdur ki, Cavabdeh2 idarə etdiyi avtomobil icbari qaydada sığorta edilməmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə 5405 (beş min dörd yüz beş) manat məbləğində ziyan dəymişdir. Belə ki, hadisə nəticəsində avtomobilin kapotu, qabaq sağ qanadı, qabaq bamperi, qabaq farası və s. zədələnmiş, həmin zədələrin aradan qaldırılması üçün avtomobilin qabaq sağ qanadı, qabaq sağ qanadın montaj kronşteyni, qabaq bamperi, qabaq bamperin sağ montaj kronşteyni, qabaq sağ farası dəyişilmiş, dəmirçi, rəngsaz, armatur və elektrik işləri aparılmışdır. Qeyd olunan təmir-bərpa işləri “X8” iddiaçının idarə etdiyi “Geely” avtomobilinin rəsmi servisi tərəfindən həyata keçirilmiş və müvafiq qüsur aktı tərtib olunmuşdur. İddiaçı İmamverdi oğlu tərəfindən onun avotomobilinə dəymiş ziyanın aradan qaldırılması cavabdehlərə təklif olunsa da, sonuncular ziyanın aradan qaldırmasından imtina etmişlər. Beləliklə,cavabdehlər tərəfindən vurulmuş ziyan iddiaçı tərəfindən öz vəsaiti və gücü hesabına aradan qaldırıldığından, hazırda vurulmuş ziyanın aradan qaldırılması üçün iddiaçının çəkdiyi xərclərin əvəzinin ödənilməsi zərurəti yaranmışdır. Hesab edirik ki, iddiaçı tərəfindən avtomobilinə vurulmuş ziyanın aradan qaldırılması üçün çəkdiyi xərclər müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və bildirdi ki, onun həmin hadisədə heç bir təqsiri olmayıb. O, inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, şikayəti təmin edilməyib. İştirak etdiyi məhkəmə iclasında cavadeh Cavabdeh2 iddia tələbini və qəbul etmədi və ekspert rəyi ilə razılaşmadı. O, hadisənin onun təqsiri ucbatından olduğunu bildirsə də, həmin vaxt avtomobilə çox az ziyan dəyə biləcəyini bildirdi. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbehvermə haqqında” qərarın surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:53 radələrində M.Əliyev küçəsi ərazisində Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində 30 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbehvermə haqqında” qərarın surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:53 radələrində M.Əliyev küçəsi ərazisində Hüseynov X3 Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli YOL-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı, “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tini zədəli, qabaq sağ işıq cihazı zədəli və sınmışdır. İşdə olan “Rich-Motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 5405 manat vəsait tələb olunması müəyyən edilmişdir. İşdə olan Cavabdeh2 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi izahatından görünür ki, etibarnamə ilə idarə etdiyi Saipa Saina” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, M.A.Əliyev küçəsində taksi fəaliyyəti ilə məşğul olarkən yoldan götürdüyü, tanımadığı sərnişin arxa sol qapını açıb düşərkən, “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tininə dəymiş, qabaq sağ işıq cihazını sındırmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmayıb. İşdə olan Cavabdeh1 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi izahatından görünür ki, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində “taksidə” əyləşmişdir. M.A.Əliyev küçəsində sürücü avtomobili yolun sol tərəfində saxlamış, o da, sol arxa qapını açıb düşərkən, qapı yolda hərəkətdə olan “Geely Tugella” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ ön hissəsinə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmayıb. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ** PV *** dövlət qeydiyyat nişanlı SAİPA SAİNA EX markalı avtonəqliyyat vasitəsinin hadisə anında X1 Mülki Məsuliyyətinin İcbari sığortası qüvvədə olmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. xx.xx.2022-ci il tarixindən sonra baş vermiş sığorta hadisələrinə Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2022-ci il tarixli 25/2 nömrəli “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydası tətbiq olunur və həmin Qayda ilə nəzərdə tutulan tələblər nəzərə alınmaqla yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərər həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilir. ** VV *** dövlət qeydiyyat nişanlı GEELY TUGELLA markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC-nin məsuliyyəti yaranmır, "xxxx" ASC belə qəzaların təkrar olunmamasını arzu edir və gələcəkdə baş verə biləcək sığorta hadisələri ilə əlaqədar ortaya çıxacaq zərərlərin aradan qaldırılması üçün Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə təminat verir. İşdə olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-dən “Geely Tugella minik” markalı avtomobili 59000 manata almışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6429 saylı rəyindən görünür ki, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2021-ci il buraxılışlı “Geely Tugella minik” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5405,00 manat, o cümlədəndəyişilməli hissələrin qiyməti - 4480,00 manat; təmir- bərpa işlərinin qiyməti - 925,00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5140,23 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 4215,23 manat; təmir- bərpa işlərinin qiyməti - 925,00 manat. müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşə əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3903/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, Tp seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərarın dəyişidirilmədən saxlanılması qərara alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı tərəflər arasında münasibətlər əmələ gəlmişdir. Belə ki, Cavabdeh2 da nəqliyyat vasitəsini yolun hərəkət istiqamətində yerləşdiriməsi qaydasını pozmuşdur. İddiaçı özünə məxsus 2021-ci il istehsalı olan **-VV-*** dövlət nömrə nişanlı, “Geely Tugella” minik markalı avtomobil ilə hərəkət edərkən yol nəqliyyat qaydalarını pozmuş Cavabdeh1 Cavabdeh2 idarə etdiyi avtomobilin sol qapısını açarkən iddiaçının idarə etdiyi avtomobilə zərər vurmuşdur. İddiaçı iddia edir ki, cavabdehlər tərəfindən xx.xx.2024-cü il tarixində ona məxsus həmin avtomobilə ziyan dəymişdir. Avtomobilin təmir-bərpa işlərinə cəmi 5405 manat vəsait xərcləmişdir və bu zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində də dəymiş ziyanın məbləği 5405 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi və qüsur aktı ilə müəyyən edilmiş 5405 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasını əsaslı hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən görünür ki, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 74 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 74 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5405 manat və ödənilmiş dövlət rüsumu üçün 74 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3265/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3265/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver