Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3268/2023 11.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə borcun və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödənilməmiş 400 manat icarə haqqı, 114 manat inzibati cərimə ödənişləri və vurulmuş 865 manat maddi zərər, habelə 33 manat dövlət rüsumu, ümumilikdə 1412 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı MMC mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 77PH358 dövlət qeydiyyat nişanlı avtomobili təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödəmək şərti ilə icarəçi Cavabdeh təhvil vermişdir. Müqavilənin 4.5-ci maddəsinə görə isə müqavilə üzrə göstərilmiş bütün öhdəliklər icarəçi tərəfindən tam yerinə yetirildikdə və müqavilədə göstərilən 41 ay üzrə icarəçinin hər hansı icarə borcu, cəriməsi, digər öhdəlikləri olmadığı təqdirdə bu müqavilə üzrə icarəyə verilmiş avtomobil ayrıca müqavilə ilə icarəyə verən tərəfindən icarəçiyə bağışlana bilər. Nəqliyyat vasitəsinin icarə müqaviləsi imzalandığı gün, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında Azadlıq prospekti 132 ünvanında görüş olmuş və Toyota Prius (Hibrid) minik markalı 77PH358 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirildikdən sonar onun sazlığı Cavabdeh tərəfindən təsdiq edilmiş və üstündə verilən digər hissələri də imzalanmaqla təhvil alınmışdır. Müqavilə qüvvədə olduğu müddət ərzində Cavabdeh tərəfindən dəfələrlə icarə haqqı gecikmələri və avtomobildə nasazlıqlar aşkar edilmiş, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati cərimələr tətbiq edilmişdir. Dəfələrlə ona bu barədə şifahi xəbərdarlıqlar edilmiş, lakin icarəçi tərəfindən anoloji hərəkətlər davam etmiş və xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli müqavilənin 2.3.3-cü maddəsinin tələbləri rəhbər tutularaq həmin müqaviləyə xitam verilmişdir. Avtomobilin geriyə- İddiaçı MMC-yə qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Avtomobil həmin tarixdə Cavabdeh tanışı kimi özünü təqdim etmiş Abdullayev Vüsal adlı şəxs tərəfindən müəssisənin director müavini Hüseyn Zalıyevə təhvil verilmiş, təhvil-təslim aktını imzalamaqdan boyun qaçırmışdır. Avtomobil İddiaçı MMC-yə təhvil verildikdən sonra Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 400 manat icarə haqqı borcu qalmışdır. Bununla yanaşı Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sözügedən avtomobilə vurmuş olduğu maddi zərərin ödənilməsi qarşılanmamışdır. Avtomobil təhvil verildikdən sonra yuxarıdan qeyd olunmuş icarə haqqı və avtomobilə vurulmuş maddi zərərin ödənilməsi üçün Cavabdehmüxtəlif vaxtlarda şifahi və telefon vasitəsilə xəbərdarlıqlar edilmiş, lakin ödənişlər icra edilməmişdir. Avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən müayinə olunması üçün “X4”ə təqdim olunmuş və məlum olmuşdur ki, avtomobilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 865 manat həcmində maddi zərər dəymişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 77PH358 dövlət qeydiyyat nişanlı avtomobili təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödəmək şərti ilə Cavabdeh təhvil vermişdir. -Təhvil-təslim aktından görünür ki, icarəçi müqavilə üzrə avtomobili İddiaçı MMC-dən təhvil almışdır. -Cərimənin ödənilməsinə dair çıxarışdan görünür ki, Cavabdeh EQ ********** saylı inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə 10 manat miqdarında cərimə edilmiş, həmin cərimə məbləğinə 1 manat endirim tətbiq edilməklə 9 manat cərimə məbləği xx.xx.2023-cü il tarixdə ödənilmişdir. -Cərimənin ödənilməsinə dair çıxarışdan görünür ki, Cavabdeh EQ 12893805 saylı inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat miqdarında cərimə edilmiş, həmin cərimə məbləğinə 4 manat endirim tətbiq edilməklə 36 manat cərimə məbləği xx.xx.2023-cü il tarixdə ödənilmişdir. -Cərimənin ödənilməsinə dair çıxarışdan görünür ki, Cavabdeh EQ 12906195 saylı inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat miqdarında cərimə edilmiş, həmin cərimə məbləğinə 2 manat endirim tətbiq edilməklə 18 manat cərimə məbləği xx.xx.2023-cü il tarixdə ödənilmişdir. -Cərimənin ödənilməsinə dair çıxarışdan görünür ki, Cavabdeh İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat miqdarında cərimə edilmiş, həmin cərimə məbləğinin üzərinə 11.2 manat dəbbə pulu hesablanmaq, 51.2 manat cərimə məbləği xx.xx.2023-cü il tarixdə ödənilmişdir. -“X4”-in verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Toyota Prius (Hibrid) minik markalı 77PH358 dövlət qeydiyyat nişanlı avtomobilə keçrilmiş baxış zamanı avtomobilə ümumilikdə 865 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2022-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1078, ünvan 1 -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Quliyev X1 rayonu Masazır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1. maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh yuxarıda qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 77PH358 dövlət qeydiyyat nişanlı avtomobili təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüş, lakin icarə haqqını vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən həmin avtomobilə müqavilə üzrə vaxtında qulluq edilməməsinə görə 865 manat maddi zərər hesablanmışdır. Mülki Məcəllənin: 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən hesablanmış 865 manat maddi zərərin çox hesablanmasını nəzərə alaraq, maddi zərərin məbləğinin azaldılaraq 780 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Belə ki, tərcübədə rast gəlinir ki, zərər aktında hesablanmış ehtiyat hissəlrinin qiyməti hazırkı bazar qiymətindən çox hesablanmaqla iddiaçının maraqları ilə uyğunluq təşkil edir. Ona görə də məhkəmə 780 manat məbləğini ağılabatan qiymət hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 33 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 400 manat icarə haqqı, 114 manat inzibati cərimə ödənişi, 780 manat maddi zərər olmaqla, cəmi 1294 manat borc və 33 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 400 (dörd yüz) manat icarə haqqı, 114 (yüz on dörd) manat inzibati cərimə ödənişi, 780 (yeddi yüz səksən) manat maddi zərər olmaqla, cəmi 1294 (min iki yüz doxsan dörd) manat borc və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov