Məhkəmə qərarları › İş №e-2(012)-3326/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3326/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3326/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı X5 nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsi üzrə 4431.81 manat vaxtı keçmiş, 351.53 manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 4783.34 manat borcun və iş üzrə ödənilmiş 67.83 manat dövlət rüsumunun X6 Bakı filialının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsi üzrə 4431.81 manat vaxtı keçmiş, 631.15 manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 5062.96 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, «X6» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X6» Bakı filialı ilə Cavabdeh1 arasında 387 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən, borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq, hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 173.33 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2022-ci il tarixə banka kredit borcu üzrə 1177.38 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi borcalan tərəfindən banka 971 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 25% ödəməlidir. xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən, hesablamış faizlərlə 4783.34 manat təşkil edir. Bundan 4431.81 manat vaxtı keçmiş kredit borcu, 351.53 manat faiz borcu təşkil edir. Cavabdeh1 ilə bağlanmış 387 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında öz öhdəliyini yerinə yetirənədək borcalanla birlikdə məsuliyyət daşıyır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı X6 Bakı filialı ilə bağladığı xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsinə əsasən illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 36 ay müddətinə ona 5000 manat kredit verilmişdir. Cavabdeh1 isə kredit müqaviləsinə zamin dayanmış, həmin cavabdeh onun ailəvi tanışıdır. Sonradan o, işsiz qaldığından kredit müqaviləsi üzrə borcunu ödəyə bilməmişdir. Banka yaxınlaşmış, kredit müqaviləsi üzrə borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin bankla razılığa gələ bilməmişdir. Onun hazırki bankdan savayı, başqa bir banka da kredit borcu vardır. Həmin banka olan borcu hazırki banka olan borcu ilə təxminən eynilik təşkil edir. Digər bankdan ona güzəşt edilmiş və borcun ödənilməsinə ona ailə üzvləri də yardım etmişdir. O, borcunun ödənilməsindən yayınmasa da, ona güzəşt edilməsini, hər ay 80-100 manat ödəniş edilməsini xahiş edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən X6 Bakı filialı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana mənzilin təmiri məqsədilə istifadə haqqı illik 15 faiz hesablanmaqla 36 ay müddətinə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixinə kimi hər ay banka 173.33 manat, sonuncu ay isə 173.19 manat ödəməklə qaytarmalıdır. -xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh2 kredit müqaviləsi üzrə bankdan 5000 manat kredit vəsaitini imza edərək təhvil almışdır. -Kreditor X6 Bakı filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 387 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun banka 4431.81 manat vaxtı keçmiş, 351.53 manat faiz borcu olmaqla cəmi 4783.34 manat borcu vardır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun banka 4431.81 manat vaxtı keçmiş, 631.15 manat faiz borcu olmaqla cəmi 5062.96 manat borcu vardır. -X6 Bakı filialının Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc xx.xx.2022-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə və aidiyyəti hüquq mühafizə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh2 Ağsu şəhəri S.Quliyev küçəsi 3 saylı evdə, Cavabdeh1 isə Abşeron rayonu Xırdalan şəhəri X.Rza küçəsi 15B saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 67.83 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi nəticəsində banka xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsi üzrə 4431.81 manat vaxtı keçmiş, 631.15 manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 5062.96 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli 271 saylı kredit müqaviləsi üzrə 4431.81 (dörd min dörd yüz otuz bir manat səksən bir qəpik) manat vaxtı keçmiş kredit borcu, 631.15 (altı yüz otuz bir manat on beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 5062.96 (beş min altmış iki manat doxsan altı qəpik) manat borc və 67.83 (altmış yeddi manat səksən üç qəpik) manat dövlət rüsumu iddiaçı X6 Bakı filialının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar