Məhkəmə qərarları › İş №e-2(012)-3355/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3355/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3355/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cəmi 31629,59 manat məbləğində kredit borcunun - bundan 13818,12 manat əsas, 4114,40 manat müqavilə müddətinin sonuna hesablanan faiz, 10008,24 manat cərimə, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3684,83 manat faiz və iş üzrə ödənilmiş 185 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 A nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin evin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli 001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə, mənzilin təmiri məqsədilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 A nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzilin ipotekaya qoyulması məqsədilə 01 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********182 saylı 25 aprel 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 31629,59 manat təşkil edir. Bundan 13818,12 manat əsas, 4114,40 manat müqavilə müddətinin sonuna hesablanan faiz, 10008,24 manat cərimə borcu və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3684,83 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən müqavilə pozulduğu halda, bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kredit borcu, faizlər və cərimələr həddində cavab verir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan 01 dekabr 2014-cü il tarixli, 001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə, mənzilin təmiri məqsədilə 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında 24 ay ərzində ümumilikdə 25000 manat əsas borca görə, 7933,1 manat faiz borcuna görə ödəniş nəzərdə tutulmuş və həmin ödəniş planını Cavabdeh imza etmişdir. Aylıq ödəniş məbləği 1372,21 manatdır. İş materiallarında olan iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 dekabr 2014-cü il tarixli, 001 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə cəmi borcu 31629,59 manat təşkil edir. Bundan 13818,12 manat əsas, 4114,40 manat müqavilə müddətinin sonuna hesablanan faiz, 10008,24 manat cərimə borcu və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3684,83 manat faiz borcu təşkil edir. İş materiallarında olan 01 dekabr 2014-cü il tarixli, 001 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan və borcalan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 A nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzili ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında eyni tarixli və saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 100000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi barədə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2019cu il tarixli bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 A nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzilinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi barədə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, YDQM 012-080/2022 saylı hesabatından görünür ki, ipoteka predmetinin likvid dəyəri 85400 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh 01 dekabr 2014-cü il tarixli, 001 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, Cavabdeh hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə bu hala qiymət verərək, cavabdehin əsaslı mənafeyini nəzərə alıb hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 10008,24 manat cərimənin məbləği azaldılmalı və 406,64 manat müəyyən edilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 01 dekabr 2014-cü il tarixli, 001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə 14151,25 manat məbləğində əsas kredit borcu, 3775,24 manat məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixinə 14151,25 manat məbləğində əsas kredit borcu, 7172,49 manat məbləğində faiz borcu vardır. Məhkəmə bu rəylə tamamilə razılaşır və hesab edir ki, cavabdehin məlum kredit müqaviləsi üzrə əsas və faiz borcu məhz rəydə göstərildiyi kimidir. Bununla belə, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, əsas borc bankın tələb etdiyi məbləğdə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh həmin razılaşma ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia bu hissədə qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 01 dekabr 2014-cü il tarixli, 001 saylı kredit müqaviləsi üzrə 13818,12 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 3775,24 manat məbləğində faiz borcu, 406,64 manat məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 18000 manat məbləğində pul tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddianın kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3684,83 manat faiz tələbi hissəsilə bağlı qeyd edir ki, ləğv prosesində olan bankın bu cür iddiası əsaslı hesab edilə bilməz, çünki bu tələb əldən çıxmış fayda ilə bağlıdır. Ləğv prosesində olan bankın isə kredit vermək səlahiyyəti yoxdur, halbuki əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (Mülki Məcəllənin 443.4-cü maddəsi). İddiaçı hazırda ləğv prosesində olduğu vəziyyətdə kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 3684,83 manat faiz məbləği hissəsində əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 A nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 2014-cü ildə müqavilə bağlanarkən 100000 manat məbləğində qiymətləndirmiş, mütəxəssis rəyinə əsasən isə bu qiymət 85400 manat müəyyən edilmişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, 8 il ərzində daşınmaz əmlakın qiymətinin azalması real və ağlabatan görünmür. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia ərizəsinin verilməsinə görə 185 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 185 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, cavabdehdən aparılmış ekspertiza və mütəxəssis tədqiqatlarının dəyəri kimi 50 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 250 manat pul tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13818,12 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 3775,24 manat məbləğində faiz borcu, 406,64 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18000 manat məbləğində pul tutularaq LPO "xxxx" ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 A nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzilə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracdan satılsın. İpoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 100000 manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait kredit borcunun tutulmasına yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq, LPO "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün 185 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh aparılmış ekspertiza və mütəxəssis tədqiqatlarının dəyəri kimi 50 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 250 manat pul tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar