Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3358/2023 11.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5434,22 manat əsas borc, 280,63 manat faiz borcu, 305,87 manat cərimə olmaqla, cəmi 6020,72 manat borcun və 80,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh 26 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15 faizlə 16 ay müddətinə 10000 manat kredit götürmüşdür. 05 may 2023-cü ilədək Cavabdeh banka 26 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5434,22 manat əsas borc, 280,63 manat faiz borcu, 305,87 manat cərimə olmaqla, cəmi 6020,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Qeydedilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı ASC-dən kredit götürmüş və vaxtı-vaxtında ödənişlər etmişdir. Lakin ailə daxili problemləri olduğundan o, ödənişlər edə bilməmiş və 3-4 ay gecikməsi olmuşdur. Odur ki, o, yenidən ödəniş edəcəkdir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli, 23-Y-2-0-951-22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh illik 15 faizlə 16 ay müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 26 aprel 2022-ci il tarixli, 23- Y-2-0-951-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5434,22 manat əsas borc, 280,63 manat faiz borcu, 611,74 manat cərimə olmaqla, cəmi 6326,59 manat kredit borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 26 aprel 2022-ci il tarixli, 23-Y-2-0-951-22 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Həmçinin iddiaçı bank iddia ərizəsində 26 aprel 2022-ci il tarixli, 23-Y-2-0-951-22 saylı kredit müqaviləsi üzrə cavabdehdən 305,87 manat cərimə borcu tələb etmiş, iş materiallarında olan 05 may 2023cü il tarixli maliyyə arayışından göründüyü kimi 611,74 manat cərimə borcunun olduğunu qeyd etmiş və məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinə iddia ərizəsində göstərilən cərimə məbləği əsas götürülməklə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 26 aprel 2022-ci il tarixli, 23-Y-2-0-951-22 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesablanmış 305,87 manat məbləğində dəbbə pulunun azaldılaraq 10 manat məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 80,21 manatın cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 aprel 2022-ci il tarixli, 23-Y-2-0-951-22 saylı kredit müqaviləsi üzrə 5434,22 manat əsas borc, 280,63 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5724,85 manat borc və 80,21 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3358/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3358/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver