Məhkəmə qərarları › İş №e-2(012)-3386/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3386/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3386/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BPM**********57 saylı kredit müqaviləsi üzrə 15000 manat əsas, 1834.98 manat faiz borcu və 70.17 manat cərimə borcu olmaqla, cəmi 16905.15 manat məbləğində kredit borcunun və ödənilmiş 140.72 manat dövlət rüsumunun, həmçinin 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********57 nömrəli, istehlak krediti müqaviləsinə əsasən, 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 15000 manat əsas, 1834.98 manat faiz borcu və 70.17 cərimə borcu olmaqla, cəmi 16905.15 manat təşkil edir. Göstərilənlərə əsasən qeyd edilən borc cavabdehdən tutulmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, BPM**********57 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16.9% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC-yə olan borcu 15000 manat əsas, 1834.98 manat faiz borcu və 70.17 cərimə borcu olmaqla, cəmi 16905.15 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən illik 16.9 faiz olmaqla 48 ay müddətinə qaytarmaq 15000 manat məbləğində kredit götürmüşdür. İddiaçı "xxxx" ASC hazırda həmin kredit müqaviləsi üzrə olan 16905.15 manat məbləğində kredit borcunun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə hesablanmış 70,17 manat məbləğində cərimənin məbləği azaldılaraq 0,02 manat müəyyən edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 15000 manat əsas, 1834.98 manat faiz, 0,02 manat cərimə borcu olmaqla, cəmi 16835 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 140.72 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 15000 manat əsas, 1834.98 manat faiz, 0,02 manat cərimə borcu olmaqla, cəmi 16835 manat və ödənilmiş dövlət rüsumu üçün 140.72 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar