Məhkəmə qərarları › İş №e-2(012)-3421/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3421/2023

24.08.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3421/2023 24.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, H(b)/058 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, 24 saylı küçə, bina 7, ümumi sahəsi 108.9 kv.m olan 2 otaqlı, 6 saylı mənzilin boşaldılaraq təhvil verilməsi və 100.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirərək hər ikisi barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə, üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.3. maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bir tərəfdən: iddiaçı "xxxx" (Vöen: **********) MMC və digər tərəfdən: Cavabdeh aşağıdakılar barəsində razılığa gəldilər:

1. Cavabdeh öhdəsinə götürür ki, xx.xx.2013-cü il tarixli, H(b)/058 saylı mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivi, küçə 24, bina 7, sahəsi 108.9 kv.m olan 2 otaqlı, 6 saylı mənzilin dəyərindən qalıq 11411 manat borcundan xx.xx.2023-cü il tarixdə bir dəfəyə 2000 manat, xx.xx.2023-cü il tarixdə bir dəfəyə 1000 manat, xx.xx.2023-cü il tarixdən etibarən hər ay üçün 350 manat, sonuncu ay isə 1000 manat məbləği tam ödəyəcək.

2. İddiaçı öhdəsinə götürür ki, borclu barışıq sazişinin 1-ci bəndinin tələblərinə tam riayət etdiyi (mənzilin dəyərinin tam ödənilməsi) halda xx.xx.2013-cü il tarixli, H(b)/058 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə borcun olmaması barədə maliyyə arayışı verəcək və müqavilə üzrə hesablanmış cərimə borcunu tam siləcək.

3. Cavabdeh öhdəsinə götürür ki, xx.xx.2013-cü il tarixli, H(b)/058 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə barışıq sazişinin 1-ci bəndinin tələblərinə riayət etmədiyi və öhdəliklərini icra etmədiyi halda həmin müqavilə üzrə mənzili boşaldaraq iddiaçıya təhvil verəcək, üçüncü şəxsə satılmasına etiraz etməyəcək, belə olan halda alqı-satqı müqaviləsi ləğv edilmiş hesab olunacaq.

4. İddiaçı öhdəsinə götürür ki, mənzilin alqı-satqı müqaviləsi vaxtından əvvəl, birtərəfli qaydada ləğv edildiyi və 6 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh/borclu tərəfindən ödənilmiş məbləğdən həmin müqaviləyə müvafiq olaraq cərimə tutularaq qalıq məbləği cavabdehə geri qaytaracaq.

5. Cavabdeh sözügedən daşınmaz əmlakı (mənzili) əsaslı səbəb olmadan (öhdəliyin icra edə bilməməsi halı istisna olmaqla) geri qaytarılması tələbi ilə iddiaçı cəmiyyətə müraciət etdikdə qeyri-şərtsiz qaytarılan əmlakın 20% faizi miqdarında cərimə ödəyir.

6. Barışıq sazişində nəzərdə tutulmuş tərəflər öhdəliklərini yerinə yetirmədiyi halda tərəfin yazılı ərizəsinə əsasən məcburi icraya yönəldiləcək.

7. Barışıq sazişi 3 (üç) nüsxədə olmaqla Azərbaycan dilində tərtib olunmuşdur. Tərəflərin hər birində saziş bir nüsxəsi saxlanılır. 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir. Abşeron rayon Məhkəməsinin e-2(012)-3421/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:43-də Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (kart) ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar