Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3461/2023 20.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı Bank Respublika ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Respublika ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, vərəsəcavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400.99 manat əsas, 157.35 manat faiz olmaqla, cəmi 558.34 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli 019CASA172770001 saylı kredit müqaviləsinə əsasən mərhum Əhmədov İlham Adil oğluna 24 ay müddətinə illik 30% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1000 manat kredit verilmişdir. Əhmədov İlham Adil oğlu xx.xx.2019-cu ildə vəfat etmiş və bu barədə banka məlumat 2023-cü ilin mart ayında daxil olmuşdur. Müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum Əhmədov İlham Adil oğlu ilə bağlı vərəsəlik işinin xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində açılması (vərəsələrin olması) müəyyən edilmişdir. Vərəsəlik işi üzrə Cavabdeh1 və Cəfərova Lalə İlham qızı mərhum Əhmədov İlham Adil oğlunun qanun üzrə vərəsələri kimi tanınmış və onların hər biri miras əmlakdan ½ irs almışlar. Mərhumun kredit müqaviləsi üzrə borcunun ödənilməsi üçün cavabdehlərə dəfələrlə rəsmi və şifahi qaydada müraciət edilməsinə baxmayaraq, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə 400.99 manat əsas, 157.35 manat faiz olmaqla, cəmi 558.34 manat məbləğində borc qalığı mövcuddur. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bank Respublika ASC ilə Əhmədov İlham Adil oğlu arasında bağlanmış xx.xx.2017ci il tarixli 019CASA172770001 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 30 (otuz) faiz olmaqla 1000 manat kredit verilmişdir. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Əhmədov İlham Adil oğlu kredit üzrə əsas və faiz borclarını xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixədək olan müddətdə hər ay 55.93 manat, sonuncu ay isə 56.03 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, AZ-İİ 001072 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov İlham Adil oğlu xx.xx.2019-cu ildə ölmüşdür. -3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 2V-307 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş Əhmədov İlham Adil oğlunun vərəsələri Cavabdeh1 və Cəfərova Lalə İlham qızı hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 4 saylı evin ümumi sahəsi 58.9 kv.m, yaşayış sahəsi 43.8 kv.m, yardımçı sahəsi 15.1 kv.m olan 58 saylı mənzilindən ibarətdir. -xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, bank tərəfindən Əhmədov İlham Adil oğlunun vərəsələri Cavabdeh1 və Cəfərova Lalə İlham qızına kredit müqaviləsi üzrə borc 3 bank iş günü müddətində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əhmədov İlham Adil oğlunun müqavilə üzrə 400.99 manat əsas, 157.35 manat faiz borcu olmaqla cəmi 558.34 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Bank Respublika ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2019-cu il tarixli,**********1143100 nömrə ilə çıxarış verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əhmədov X1 rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksi, ev 27, mənzil 18 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə yaranmış borcu lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Mülki iş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum atalarının kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsinə görə mərhumun vərəsələri kimi öhdəlikləri yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, cavabdehlər həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli 019CASA172770001 saylı kredit müqaviləsi üzrə 400.99 manat əsas, 157.35 manat faiz olmaqla, cəmi 558.34 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin хeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli 019CASA172770001 saylı kredit müqaviləsi üzrə 400.99 (dörd yüz manat doxsan doqquz qəpik) manat əsas, 157.35 (yüz əlli yeddi manat otuz beş qəpik) manat faiz olmaqla, cəmi 558.34 (beş yüz əlli səkkiz manat otuz dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulub Bank Respublika ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3461/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3461/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver