Məhkəmə qərarları › İş №e-2(012)-347/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-347/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-347/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-00002- 01/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 1398,34 manat əsas borc, 64,09 manat faiz borcu, 15,60 manat dəbbə borcu, ümumilikdə 1478,03 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-00002-01/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 2000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçıyla FNZ-00002-01/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerin yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, FN-00002-01/21A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 2000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, FNZ-00002-01/21A saylı zaminlik müqaviləsindən görünür ki, Bank "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh1 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, FN-00002- 01/21A saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-00002-01/21A saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə borcu Cavabdeh2 banka 1398,34 manat əsas borc, 64,09 manat faiz borcu, 15,60 manat dəbbə borcu, ümumilikdə 1478,03 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, FN-00002- 01/21A saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixli, FNZ-00002-01/21A saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli, FN-00002-01/21A saylı kredit müqaviləsi üzrə Cavabdeh2 (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri və cəriməni kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, FN-00002-01/21A saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün Bank "xxxx" ASC həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat, 0,40 manat bank xidməti haqqı da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, FN- 00002-01/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 1398,34 manat əsas borc, 64,09 manat faiz borcu, 15,60 manat dəbbə borcu, ümumilikdə 1478,03 manat məbləğində borc9, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar