Məhkəmə qərarları › İş №e-2(012)-3496/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3496/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3496/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5059,81 manat məbləğində kredit bоrcu, 424,78 manat məbləğində faiz bоrcu və 77,87 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5562,46 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 75,62 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.9583 faiz оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9600 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2024cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 4540,19 manat ödəniş etmiş və cavabdehin iddiaçıya 5059,81 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 142 gün üçün hesablanmış faiz borcu 424,78 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 142 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 77,87 manat təşkil edir. Əlavə olaraq bildirir ki, Cavabdeh banka sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ödəniş etmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun bu günə kimi İddiaçı QSC-yə olan kredit borcu üzrə ödənişlərinin gecikməsinə səbəb evdə xəstə yaxınının olmasıdır. Bir dəfə iddiaçı bankın nümayəndəsi ona zəng edib bildirmişdir ki, onlara birdəfəlik 2000 manat ödənilməsi halında məhkəmədə olan iddia geri götürüləcək və ya borc icraya yönləndirilməyəcəkdir. O, 1000 manat məbləğində əmək haqqı alır və borc icraya yönəldilsə, onun əmək haqqının yarısı borca görə tutulacaqdır. Onun başqa banklara da borcları vardır və həmin borclarına görə də ödəniş edir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarından olan Cavabdeh imzaladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış sözügedən müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə aylıq 1.9583 faiz dərəcəsi оlmaqla kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit razılaşması üzrə 5059,81 manat məbləğində kredit bоrcu, 424,78 manat məbləğində faiz bоrcu və 77,87 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5562,46 manat məbləğində borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsi və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 75,62 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə 5059,81 manat məbləğində kredit bоrcu, 424,78 manat məbləğində faiz bоrcu və 77,87 manat məbləğində cərimə olmaqla, cəmi 5562,46 manat məbləğində borc və ödənilmiş 75,62 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar