Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3521/2024 02.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi ziyan tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 7961,79 (yeddi min doqquz yüz altmış bir manat yetmiş doqquz qəpik) manat pulun və iddianın qalırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 16 iyul 2015-ci il tarixdə "Abşeron City” MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 40 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (59 m2) 41300 manata almışdır. İlkin ödəniş kimi X2 6200 manat ödəmiş, mənzilin dəyərinin qalan hissəsi isə "DəmirBank” ASC-dən ipoteka krediti alınaraq ödənilmişdir. İlkin ödəniş ediləndən sonra "Abşeron City” MTK-dan alınan mənzilin dəyərinin qalan hissəsini ödəmək üçün 16 iyul 2015-ci il tarixdə X2 "xxxx" ASC-dən 33318 ABŞ dolları İpoteka krediti alaraq "xxxx" MTK-ya ödəmişdir. 29 yanvar 2016-cı il tarixdə "xxxx" ASC X1 verdiyi ipoteka kreditini dolların manata olan məzənnəsinə uyğun çevirərək 40280 manat 84 qəpik olmasını müəyyən edərək, həmin məbləğdə onunla kredit müqaviləsi bağlanmış, hər ay 618 manat məbləğində pul ödənməsi müəyyən edilmişdir. S.Ələkbərova xx.xx.2016-cı il tarixə kimi mütamadi olaraq ipoteka kreditini ödəmişdir.04 noyabr 2016-cı il tarixə S.Ələkbərovanın "xxxx" ASC-yə 39.060 manat kredit borcu qalığı olmuşdur. S.Ələkbərova ilə olan razılaşmaya görə ona 11000 manat nağd pul verməli, (onun banka ödədiyi pulun əvəzi kimi) bundan sonra onun adına olan ipoteka kredit müqaviləsi bank razılaşmasına əsasən adına keçirilməli və ipoteka kreditinin qalan hissəsini o, ödəməli oldu. "xxxx" ASC-nin tələbi əsasında ilkin olaraq banka 5000 manat nağd pul ödədikdən sonra kreditin qalan 34060 manatı onun adına sənədləşdirildi və o kredit ödəməyə başladı. Eyni zamanda, 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alqı-satqısı müqaviləsini dəyişərək onun adına sənədləşdirilmişdir. 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK-dan mənzilin alqı-satqısı haqqında 0025 saylı müqavilə əsasında MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (müqavilə şərtlərinə görə 59 m2 təşkil etməli idi) 41300 manata sənədləşdirərək almışdır. Həmin mənzilin dəyəri MTK-ya "xxxx" ASC tərəfindən ipoteka krediti əsasında ödənilmişdir. Qeyd olunan mənzilin yaşayış sahəsi alqı-satqı müqaviləsində, eləcə də digər sənədlərdə 59 m2 ölçüdə olması göstərilmişdir. 2017-ci ilin noyabr ayında mənzildə təmir işləri yekunlaşdırılarkən tikinti ustaları tərəfindən mənzil ölçülmüş və mənzilin yaşayış sahəsinin faktiki olaraq 47 m2 olması müəyyən edilmişdir. Alıcı kimi mənzil satıcısı olan "xxxx" MTK tərəfindən aldadılmışdır. Belə ki, mənzilin yaşayış sahəsi 47 m2 olduğu halda, mənzil ona 59 m2 yaşayış sahəsi olan mənzil kimi satılmışdır. "xxxx" MTK qeyd olunan mənzillə bağlı bütün sənədlərində mənzilin 59 m2 yaşayış sahəsi olan mənzil kimi göstərmiş, o, da həmin mənzili 59 m2 yaşayış sahəsi olan mənzil kimi qəbul edib almışdır. O, ipoteka kreditini illik 13 faiz olmaqla 8 il 2 ay müddətinə (106 ay) almış, bu müddət ərzində banka 57193 manat 30 qəpik pul ödəməli, bundan 34060 manatı əsas borc kimi, 23133 manat 30 qəpiyi isə faiz kimi ödəməlidir. Bundan başqa, ilkin ödədiyi pulları, yəni 11.000 manat S.Ələkbərovaya verdiyi, 5.000 manat banka ilkin ödədiyi pulları nəzərə alıb, ümumilikdə hesablayanda məlum olur ki, həmin mənzilin dəyəri 73193 manat 30 qəpik təşkil edir. Yəni, 106 ay ərzində o, 57193 manat 30 qəpik pul ödəməli, üstəlik əvvəlcədən ödədiyi 16000 manat pulu da nəzərə alsa, müəyyən olur ki, o, mənzili 73193 manat 30 qəpiyə almış olur. Həmin məbləği də 47 m2 sahəyə böləndə mənzilin 1 kvadrat metri ona 1.557 manata başa gəlir. Şəhərsalma və tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İddiaçı cavabdeh "Abşeron City” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A, ev 7 mənzil 145 A ünvanında aldığı yaşayış sahəsinin (bundan sonra - mübahisəli mənzil) çatışmayan 12 kv.metrinin dəyəri olan 18687 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Abşeron Rayon Məhkəməsinin 2(012)-1337/2019 nömrəli, 01 mart 2019-cu iltarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 18.687 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. (hakim Sevin Quliyeva) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-62/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1913/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1546/2022 nömrəli, 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 6580 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 300 manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Hökümə Babayeva və Zahid Məmmədov) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1892/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilməmişdir. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi ona dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi ilə bağlıdır. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı lüzümsuz olaraq əlavə kredit borcu götürmüş və buna görə də əlavə faiz ödəmişdir. Bununla yanaşı, iddiaçının yaşayış sahəsi 9,4 m azdır. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş maddi ziyanın ümumi məbləği 7961,79 (yeddi min doqquz yüz altmış bir manat yetmiş doqquz qəpik) manatdır və həmin məbləğ cavabdehdən tutularaq ona qaytarılmalıdır Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və bildirdi ki, bu iş üzrə artıq Ali Məhkəmənin də qərarı var. İddiaçının tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1892/2023 saylı Qərarından görünür ki, İddiaçı və cavabdeh "xxxx" MTK-nın kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1546/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1546/2022 nömrəli, 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 6580 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 300 manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı "xxxx" MTK-nın ona 7961,79 manat maddi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tələbin əsasını tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi təşkil edir ki, bununla bağlı da Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Bu da "xxxx" MTK-nın onun qarşısında öhdəlik daşımasına əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 7961,79 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, 9.4 x 700= 6580 manat o, MTK-ya artıq pul ödəmişdir. İpoteka krediti dollarla alındığından 6580 x 1.7=11.186 manat o, əlavə kredit almışdır. 16 iyul 2015-ci il tarixdə X2 "xxxx" ASCdən 33318 ABŞ dolları ipoteka krediti alaraq "xxxx" MTK- ya ödəmişdir. Qeyd olunan ipoteka krediti 8 il müddətə 13 faizlə verilmişdir. Belə olan halda 11.186x13:100= 1.454.18 manat əlavə alınan ipoteka kreditinin bir ilinin faizi təşkil edir. Ümumi 8 il ərzində hər il üçün 1.454.18 x 8=11.633.44 manat əlavə pul ödəmişdir. Mövcud mülki qanunvericiliyə əsasən hər il gecikən ilə görə 5 faiz cərimə tətbiq edildiyini nəzərə alaraq 11.633.44 x 5 :100 =581.57 manat illik faizi təşkil edir. Bu faizi də 5 il müddətə hesblayanda da 581.67 x 5 = 2 .908.35 manat təşkil edir. Bunların hamısı hesablandıqda cəmi 11.633.44 +2.908.35 =14.541.79 manat təşkil edir. Ona məhkəmə qərarına əsasən 6580 manat pul ödənmişdir. 14.5xx.xx-6580 =7 961.79 manat ona maddi ziyan dəymişdir. İddiaçı vəsatəti əsaslandırdığı dəlilləri məhkəməyə təqdim etməmiş, bununla da öz mülahizələrini formal olaraq göstərmişdir. Halbuki, iddianı sübutetmə vəzifəsi məhz iddia edənin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi ziyan tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3521/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3521/2024
02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver