Məhkəmə qərarları › İş №e-2(012)-3542/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3542/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3542/2024 19.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(049)-3030/2021 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(049)-3030/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Şükürova (Hüseynova) Elanə Hidayət qızının birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 avqust 2021-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 50 manat olmaqla, iki uşağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızına verilməsi qət edilmişdir. Daha sonra onlar “alimentin artırılması” tələbi ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət etmiş, Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehin “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 27 mart 2024-ci il tarixli, MŞB/11/2024-00260 saylı arayış verilmişdir. Qeyd edir ki, iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızının maddi vəziyyəti çox aşağıdır, çətinlik çəkir, cavabdeh tərəfindən verilən aliment kifayət etmir. İddiaçının oğlunun hazırda 11 yaşı, qızının isə 13 yaşı vardır, məktəblidirlər, 100 manat uşaqların saxlanmasını ödəmir, heç məktəb ləvazimatlarının alınmasına belə yetərli olmur. Müəyyən xərclərin çəkilməsi bir qadın olaraq iddiaçının imkan xaricindədir. Bu səbəbdən onlar məcbur qalıb məhkəməyə müraciət etmişdirlər. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AZ-İİ № 488164 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 11622493 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 14 iyul 2010-cu il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur, atası Cavabdeh, anası isə Şükürova (Hüseynova) Elanə Hidayət qızıdır. İş materiallarında olan AZ-İİ № 944421 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 11521875 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 01 sentyabr 2012-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur, atası Cavabdeh, anası isə Şükürova (Hüseynova) Elanə Hidayət qızıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-3030/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Lənkəran rayon Viravul kənd icra nümayəndəliyində 21 sayla qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il tarixdə doğulmuş X2 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızının yanında qalmasının müəyyən edilməsi, xx.xx.2010-cu il tarixdə doğulmuş X2 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 405987 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Şükürova (Hüseynova) Elanə Hidayət qızının nikahı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 10 yanvar 2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 14 iyul 2010-cu il təvəllüdlü X2 və 01 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Şükürova (Hüseynova) Elanə Hidayət qızına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 42,2 (qırx iki manat, iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3030/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 14 iyul 2010-cu il təvəllüdlü X2 və 01 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı Şükürova (Hüseynova) Elanə Hidayət qızına verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 42,2 (qırx iki manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar