Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-355/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO QSC "xxxx" KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2010-cu il tarixli 1xx/xx/3017/10 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2227,47 manat məbləğində əsas borc, 3163,62 manat məbləğində faiz borcu, 2382,12 manat məbləğində cərimə borcu, 1242,48 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 9015,69 manat məbləğində pulun və 110,16 manat dövlət rüsümunun LPO QSC "xxxx" KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 17 avqust 2010-cu il tarixli 1xx/xx/3017/10 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2672 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 2227,47 manat məbləğində əsas borc, 3163,62 manat məbləğində faiz borcu, 2382,12 manat məbləğində cərimə borcu, 1242,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 9015,69 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, bankdan kredit deyil, mağazadan məişət əşyasını kreditə götürmüşdür. Hazırda onun banka borcu olmamalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 avqust 2010-cu il tarixli 1xx/xx/3017/10 saylı kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB tərəfindən Cavabdeh illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2672 manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC-yə 17 avqust 2010-cu il tarixli 1xx/xx/3017/10 saylı kredit müqaviləsi üzrə 3163,62 manat məbləğində faiz borcu, 2382,12 manat məbləğində cərimə borcu, 1242,48 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 9015,69 manat borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/8852/2023 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh LPO "xxxx" KB QSC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 17 avqust 2012-ci il tarixə (müqavilənin müddətinin bitmə tarixə): əsas borc üzrə 2211,04 manat, faiz borcu üzrə 407,11 manat. 08 avqust 2023-cü il tarixə (5%-lə hesablanmış əldən çıxmış faydanın məbləği): əsas borc üzrə 2211,04 manat, faiz borcu üzrə 407,11 manat. faiz borcu üzrə (5%lə) 1213,31 manat. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 17 avqust 2010-cu il tarixli 1xx/xx/3017/10 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh bankın xeyrinə tutulmalıdır. Bank bu borcu özünün xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin mübahisənin daha obyektiv həll edilməsini nəzərə alan məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə müəyyən olunmuşdur ki, Cavabdeh məlum kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 2211,04 manat, faiz borcu üzrə isə 407,11 manat təşkil edir. Məhkəmə ekspertin həmin rəyini borcun tutulması üçün daha mötəbər sübut hesab edir və yaranmış əsas borcun və faiz borcunun məhz bu məbləğdə olması qənaətinə gəlir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 17 avqust 2010-cu il tarixli 1xx/xx/3017/10 saylı kredit müqaviləsinə əsasən hesablanmış 2382,12 manat cərimə azaldılmalı və 48,54 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Aparılmış ekpsertiza tədqiqatı ilə gecikdirilmiş vaxt üçün illik 5 faiz tələbi üzrə yaranmış borcun məbləği 1213,31 manat təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi, yaranmış borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə məlum ekspert rəyini daha mötəbər sübut növü kimi qəbul edir və bu baxımdan hesab edir ki, cavabdehdən həmçinin bu məbləğdə faiz borcu da bankın xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2211,04 manat əsas borc, 407,11 manat faiz borcu, 48,54 manat cərimə borcu, 1213,31 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla, cəmi 3880 manat pul Cavabdeh iddiaçı LPO QSC "xxxx" KB-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia qismən təmin olunduğundan, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 110,16 manat məbləğində dövlət rüsumunun 58,80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2211,04 manat əsas borc, 407,11 manat faiz borcu, 48,54 manat cərimə borcu, 1213,31 manat gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz borcu olmaqla, cəmi 3880 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 58,80 manat dövlət rüsumuna görə pul LPO QSC "xxxx" KB-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza xərci olaraq 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-355/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-355/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver